Gürcüstanda Şuşanın işğalından danışıldı

11 May 2013 19:55 (UTC+04:00)
Marneulidəki Azərbaycanlıların Mədəniyyət Mərkəzində (AMM) Gənclər şöbəsinin təşkilatçılığı və təşəbbüsü ilə Şuşanın işğalı ilə bağlı tədbir keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbirdə Azərbaycanın Gürcüstandakı səfirliyinin məsul işçisi Qurban Abbasov, "SOCAR-Georgia" Şirkətinin əməkdaşı Orxan Həsənov iştirak ediblər.

Tədbirdə Qarabağ döyüşlərində həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Tədbiri giriş sözü AMM-nin "Gənclər şöbəsi"nin rəhbəri Nərgiz Əliyeva açıb və Şuşanın işğalı ilə bağlı fikirlərini açıqlayıb: "Tariximizi heç kim silə bilməz. Qarabağ əzəli Azərbaycan torpağıdır və gün gələcək ki, biz ora qayıdacağıq. Biz, Gürcüstanda yaşayan azərbaycanlı gənclər də o torpaqları ziyarət edəcəyik. Biz harada yaşadığımızdan asılı olmayaraq unutmamalıyıq ki, böyük bir xalqın nümayəndəsiyik. Azərbaycan xalqının tarixini, mədəniyyətini və həqiqətlərini mükəmməl şəkildə bilərək, gələcək nəsillərə çatdırmaq və digər millətlər arasında təbliğ etmək borcumuzdur", deyə N.Əliyeva bildirib.

Azərbaycanın Gürcüstandakı səfirliyinin rəsmisi Qurban Abbasov çıxışında Şuşanın tarixi haqqında ətraflı danışaraq, gənclər tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasının vacib olduğunu vurğulayıb.

"SOCAR-Georgia"nın əməkdaşı Orxan Həsənov Azərbaycan mədəniyyətini, tarixini və həqiqətlərini cəmiyyətə çatdırılmasında xaricdə təhsil alan və yaşayan azərbaycanlı gənclərin üzərinə daha çox məsuliyyət düşdüyünü bildirib: "Buna görə də biz tariximizi mükəmməl bilməliyik."

Tədbirdə Marneulidə ilk dəfə nümayiş olunan "Dolu" filmi gənclər tərəfindən maraqla qarşılanıb.

Tədbirdə Marneulidən, Bolnisidən, Qardabanidən və ətraf kəndlərdən gələn gənclər iştirak ediblər.

AzNews.az