Millət vəkili: “Xudatla bağlı yayılanların hamısı yalan və şayədir“

13 May 2013 12:58 (UTC+04:00)
Milli Məclisin 56 saylı Xaçmaz kənd seçki dairəsindən seçilmiş deputatı İlham Əliyev mayın 9-da Xudatda rayon sakini Rauf Hüseynovun və Dövlət Sərhəd Xidmətinin "N" saylı hərbi hissəsinin hərbi qulluqçusu Rövşən Səfərovun idarə etdikləri avtomobillər toqquşması zəminində baş vermiş qarşıdurma ilə bağlı mətbuatda yayılan məlumatlara münasibət bildirib.

AzNews.az xəbər verir ki, deputat İlham Əliyev Publika.Az-a açıqlamasında bildirib ki, Xaçmazda adi yol qəzası baş verib və bununla da artıq məsələ qanunu yolla həllini tapıb: "Xudatda guya əhali arasında qarşıdurmanın baş verməsi ilə bağlı yayılanların hamısı yalan və şayədir. Mən hazırda Xudat şəhərindəyəm, gecəni də burada qalmışam. Hər yerdə tam sakitlikdir, hər kəs öz işi ilə məşğul olur. Burada heç bir hadisə baş verməyib, heç bir insident yoxdur".

Azərbaycanda metallurgiya zavodlarına rəhbər gətirilməsi ilə bağlı mətbuatda yer alan məlumatlara da toxunan İ.Əliyev deyib: "Həmin zavodların mənə heç bir aidiyyatı yoxdur".

AzNews.az