“Elmar Vəliyev barəsində yazanlara bir tövsiyəmiz var“- AÇIQLAMA

13 May 2013 14:33 (UTC+04:00)




Gəncə şəhər İcra Hakimiyyəti başçısı Elmar Vəliyevlə bağlı son vaxtlar bəzi KİV-lərdə yazılanlarla bağlı rəsmi açıqlama verilib.

İcra başçısının müavini Naqif Həmzəyev Modern.az-a verdiyi açıqlamasında deyib ki, Gəncədə ötən illərdən fərqli olaraq şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək problemləri, arzu və təklifləri söyləmək üçün heç bir süni sərhəd və maneə yoxdur.

"İcra başçısı Elmar Vəliyev hər zaman insanların arasında, onların yanındadır. Dinləmək üçün səbri, hövsələsi, problemin həllinə yönələn məsələlərdə qətiyyəti var".

Müavinin sözlərinə görə, son iki ildə Gəncədə həyata keçirilən quruculuq işləri - binaların, park və xiyabanların yeni simasına qovuşması, sahibkarlara yaradılan şərait nəticəsində iş yerlərinin açılması, Dövlət Proqramlarının həyata keçirilməsi sahəsində aparılan məqsədyönlü tədbirlər bu qədim şəhəri sevən hər kəsin ürəyincədir.

"Dövlət Başçısının Gəncəyə dəstək və qayğısı nəticəsində böyük sürətlə inşa edilən texnopark minlərlə sakinin işlə təmin olunmasına yardımçı olacaqdır. Elə bu yaxınlarda keçirilən beynəlxalq tədbirlər orada sabiq prezidentlərin, baş nazirlərin, eləcə də görkəmli alim və tədqiqatçıların söylədiyi xoş fikirlər bugünkü Gəncənin reallığı, ona olan ehtimadın nümunəsidir.

Gəncədə ötən illərdən fərqli olaraq şəhər İcra Hakimiyyətinin başçısı ilə görüşmək problemləri, arzu və təklifləri söyləmək üçün heç bir süni sərhəd və maneə yoxdur. İcra başçısı Elmar Vəliyev hər zaman insanların arasında, onların yanındadır. Dinləmək üçün səbri, hövsələsi, problemin həllinə yönələn məsələlərdə qətiyyəti var".

N.Həmzəyev daha sonra bildirib: "Bəlkə də kiminsə görülən işləri bəyənməmək, hər şeyə qara eynəklə baxmaq keyfiyyəti ola bilər. Amma vicdan deyilən bir məfhum da var ki, ona qarşı çıxmaq qərəz adlanır. Olanlara kölgə salmaq üçün insafı da bir yana qoyub nə gəldi söyləmək nə insanlıq, nə də vətəndaşlıq mövqeyi deyildir. Fakta söykənmədən bəzi mətbu orqanlarda yazılan bu yazılara cavabımız konkretdir: gəlin icra başçısının şəhər sakinləri ilə keçirdiyi səyyar qəbullara baxın. Açıq mikrafon görüşlərində iştirak edin, şəhid ailələrini dinləyin. İnam gününə çevrilən qəbul günlərinin iştirakçısı olun. O zaman gördükləriniz sizə ədalətli olmağı təlqin edəcəkdir. Axı, görünən dağa bələdçi lazım deyil. Düzü əyri kimi qələmə vermək çox uzağa getməyən müvəqqəti görüntü yaratmaq istəyidir. Adından da məlum olduğu kimi müvəqqəti olan heç nə ayaq tutub yerimir. Müxtəlif qəzetlərin Gəncə haqqında, onun icra başçısı Elmar Vəliyev barəsində yazdığı yanlış məqalələrin müəlliflərinə bir tövsiyəmiz var. Qələmi əlinə alıb yazanda bir özünsən bir də ağ kağız. Qərəzli prizmadan baxanda özün üçün hər sözü yaza və söyləyə bilərsən. Amma yazılanlar oxucuların ixtiyarına veriləndə "söykənilən etibarlı mənbə", ilğım fikirlər əriyib yox olur. Odur ki, oxucuları da fikirləşmək lazımdır. Onların şahidi olduqlarına kölgə salıb ağa qara deyəndə etibarınız zəifləyir. Bəzən də tamamilə qırılır. Bunun davamı isə inamsızlıqdır. Bunu heç bir qələm əhlinə bağışlamaq olmaz. Çünki insanları bir dəfə aldatmaq olar. Oxucuların etibarı üzüləndə həm məqalə sahibi, həm də onun təmsil etdiyi kütləvi informasiya vasitəsi gözdən düşür. Bu vəziyyəti heç kimə arzulamazdıq".

AzNews.az