Müsavat partiyası BƏYANAT yaydı

13 May 2013 17:52 (UTC+04:00)
Müsavat Partiyası Türkiyədə törədilən terror aksiyasını pisləyən bəyanat yayıb. Bəyanatda deyilir:


"Mayın 11-i Türkiyənin Suriya ilə sərhəd bölgəsində yerləşən Hatay vilayətinin Reyhanlı şəhərində 46 nəfərin ölümü, 140-dək insanın yaralanması ilə nəticələnən dəhşətli terror aktı törədilib. Son məlumatlara görə 30-dək yaralının vəziyyəti ağır olaraq qalır.

Bu dəhşətli hadisədən sonra yüzlərlə ailə hüzn və matəmə qərq olub.

Müsavat Partiyası bəşəriyyətə və insanlığa qarşı cinayət olan bu hadisəni şiddətlə qınayır, Türkiyə xalqına, terror qurbanlarının ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, Allahdan səbr diləyir.

Türkiyə rəsmiləri hadisələrin kökündə xarici xüsusi xidmət orqanlarının izi olduğuna dair açıqlamalar veriblər. Bu gün isə Suriya təhlükəsizlik xidməti ilə əlaqəsi olan 9 şəxs saxlanılıb və onlar hücumlarda iştirak etdiklərini boyunlarına alıblar.

Müsavat Partiyası Türkiyə hökumətinin hadisəni hərtərəfli araşdıracağına, günahsız insanların qanına susayan canilərin cəzalandırılacağına, cinayətin arxasında olan qüvvələrin ifşa ediləcəyinə əminliyini bəyan edir".

AzNews.az