“Övladlarım Azərbaycandan kənarda yaşamaq zorunda qaldılar“

14 May 2013 08:23 (UTC+04:00)
Müxalifət düşərgəsində siyasi fiqurlar arasında qalmaqal səngimək bilmir. Xüsusən də seçkiöncəsi belə halların artması adi hal alıb. Siyasi qalmaqal bu dəfə müttəfiqlər arasında, AXCP və Müsavat arasında düşüb. AXCP üzvü Xalid Bahadırın Müsavat funksionerləri haqda səsləndirdiyi ittihamlara qarşı tərəfdən Arif Hacılı cavab verib.

Modern.az-ın məlumatına görə, Müsavat funksioneri Xalid Bahadırın fikirlərini ciddiyə almadığını deyib:

"Xaliq Bahadır müxalifəti mütəşəkkil cinayətkar dəstə adlandırıb. Əsasən müxalifətdə olan 3 siyasətçinin "cinayətlərindən" danışsa da, mənim şəxsiyyətimin müzakirəsinə daha çox yer ayırıb.

Onun dediklərini köhnə dostları kimi ciddiyə almaya da bilərdim. Ancaq iqtidarın onun açıqlamalarına istinad etməklə əleyhimizə geniş təbliğat kampaniyası başlatdığını nəzərə alaraq, bəzi məsələlərə aydınlıq vermək qərarına gəldim.

Xaliq Bahadırın dediyinə görə mən 2011-ci ilin 12 mart mitinqini təşkil etməklə İctimai Palatanı məhv etmişəm.

Əvvəla mən İctimai Palatanın hər hansı strukturunda, hətta omissiyalarında belə təmsil olunmuram. İP Koordinasiya Şurasının apardığı siyasətə, qəbul etdiyi qərarlara təsir göstərmirəm"- deyə A.Hacılı bildirib.

Özünü Azərbaycanın müstəqilliq dövlətinin qurulmasında əsas rol sahiblərindən hesab edən A.Hacılı övladlarının ölkədən kənarda yaşadığını, onların çəkinliklə təhsil aldığını vurğulayıb:

"Mən Müstəqil Azərbaycan dövlətinin qurulmasında mühüm rolu olan bir neçə nəfərdən biriyəm. Bununla belə, indi mənim övladlarım Azərbaycandan kənarda yaşamaq, təhsil almaq zorunda qalıblar. Xaliq Bahadır bunu da mənə çox görür.

Hər iki övladım Müsavat Partiyasının üzvüdür, onlar öz savadları hesabına və öz zəhmətləri ilə təhsil alırlar. Müxtəlif tərcümələr etmək, saytlarla əməkdaşlıqdan tutmuş, saatı 9 dollara mağazada satıcı işləyərək hər işə əl atırlar ki, yüksək təhsil ala bilsinlər. Çünki Azərbaycanda bizlər üçün belə imkanlar yoxdur".

AzNews.az