İnternetdə təhqirə görə cəza nə olacaq ?

14 May 2013 13:13 (UTC+04:00)


APA-nın xəbərinə görə, MM-in bu gün keçirilən plenar iclasında Cinayət Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub. Dəyişikliklər barədə MM-in hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli məlumat verib.

Ə. Hüseynli deyib ki, mətbuatda təhqir və böhtana görə məsuliyyət nəzərdə tutulursa, internetdə təhqir və böhtan da bu maddənin təsiri altına düşməlidir.

Millət vəkili Qüdrət Həsənquliyev deyib ki, internetdə böhtan və təhqirə görə məsuliyyətin artırılması anlaşılmazdır: "Biz sivil dünyanın bir hissəsinə çevrilirik. Bir neçə il əvvəl fərqli düşünsəm də, hesab edirəm ki, artıq diffamasiya ilə bağlı qanunu qəbul edə, Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrini ləğv edə bilərik".

Vitse-spiker Ziyafət Əsgərov isə deyib ki, Avropa Birliyinə daxil olan ölkələrin cəmi bir neçəsində "Diffamasiya haqqında" qanun var: "Yaxşı qanundursa, Avropa Birliyi bizə nümunə göstərsin də. "Diffamasiya haqqında" qanun bizim Avropa Şurası qarşısında öhdəliyimiz deyil. Sadəcə bizə bunu təklif ediblər. Mənim fikrimcə, Azərbaycan cəmiyyəti buna hazır deyil".

Dəyişikliyə əsasən, CM-in 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələrində "və ya kütləvi informasiya vasitəsində" sözləri, "kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında" sözləri ilə əvəz edilib. Beləliklə, həmin maddələrdə nəzərdə tutulan cəzalar internet informasiya vasitələrində yayılan məlumatlara da tətbiq olunacaq.

Qeyd edək ki, CM-in 147.1 maddəsinə əsasən, böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yayma 100 manatdan 500 manatadək miqdarda cərimə ilə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

148-ci maddəyə görə isə, təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma 300 manatdan 1000 manatadək miqdarda cərimə və ya 240 saatadək müddətə ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

AzNews.az