7 yaşlı uşaq dərmandan zəhərləndi

14 May 2013 13:57 (UTC+04:00)
Göyçay rayon Ləkçıplaq kənd sakini 7 yaşlı Aysu Ziya qızı İbrahimova Göyçay Uşaq xəstəxanasında dünyasını dəyişib. Aznews.az-ın rayondan əldə etdiyi məlumata görə, ölümün səbəbi uşağın dərmandan zəhərlənməsi göstərilir.

Azyaşlının ölüm səbəbi ilə bağlı müxtəlif versiyalar səslənməkdədir. Məlumata görə, özünü pis hiss edən uşağı valideyni Göyçay Uşaq Xəstəxanasına aparıb və oradan verilən resept əsasında alınan "Fenozipan" adlanan sakitləşdiricini qəbul edəndən 1 saat sonra Aysunun vəziyyəti pisləşib və xəstəxanada keçinib. Digər söyləntilərə görə isə, dərman evdə olub və onu içdikdən sonra uşağın vəziyyəti pisləşib. Xəstəxanaya çatdırılsa da 7 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.

Göyçay rayon uşaq poliklinikasının baş həkimi Elman həkim Aznews.az-a çatmasından narahatlığını ifadə edərək faktı gizlətməyə çalışıb: "Nə yazacaqsınız e. Düşmüsüz müəllimlərlə həkimlərin üstünə. Başqaları qalıb qıraqda. Faktın mənə aidiyyatı yoxdur. Dərmandan zəhərləndiyini deyirlər. Ancaq ekspertizanın rəyindən sonra bilinəcək. Bəlkə pomidordan zəhərlənib. Hamısı dərmandır. Səhiyyə Nazirliyinə məlumat verilib".

Rayon Prokurorluğundan isə ölüm faktı ilə bağlı məlumat verməkdən imtina ediblər. Prokuror köməkçisi Ramiz müəllim Aznews.az-ın müraciətinə cavab olaraq bildirib ki, ona informasiya vermək qadağan olunub: "Mən nə bilim sən kimsən. Telefonla məlumat verə bilmərəm. Sənə görə özümə söz götürməyəcəm ki. Məlumat vermək mənə qadağan olunub".

AzNews.az