İran Azərbaycanı Borçalıdan “vurur” – Əhli Beyt təhlükəsi

15 May 2013 08:34 (UTC+04:00)


"Gürcüstanda fəaliyyət göstərən İrana bağlı "Əhli-Beyt" cəmiyyəti Borçalıda İran təbliğatı aparmaqla məşğuldur. İran azərbaycanlılara məxsus elə bir QHT yoxdur ki, bu və ya digər məqsədlə onlara pul ayırmasın".

Bu barədə AzNews.az-a Gürcüstandakı mənbə bildirib. Mənbənin dediyinə görə, ötən il keçirilən parlament seçkilərində bir neçə azərbaycanlı namizədin parlamentə seçilməsinə də maliyyə yardımı ayrılıb. Onlardan isə bir nəfərinin -həmin adamın adı bizə bəllidir- Gürcüstan parlamentinə düşməsinə nail ola bilib. Bu şəxs hakim "Gürcü arzusu" partiyasından deputat seçilib.

Mənbənin sözlərinə görə, İran təbliğat üçün pulu həm "Əhli-Beyt", həm də "Beynəlxalq Əl-Müstafa Akademiyası" tərəfindən ötürür. Təkcə ötən il onlarla Borçalı gənci İrana təhsil almağa göndərilib. Gürcüstan paytaxtı Tiflis şəhərinin qəsəbələrindən olan Soğanlıda isə "Əhli-Beyt" məscidi istifadəyə verilib.

"Yerli QHT-ə kifayət qədər pul ayrılır. Torpaq sahəsi alınır, obyektlər tikməyə yardım edilir. Borçalının elə bir iri qəsəbəsi və rayon mərkəzi yoxdur ki, "Əhli-Beyt" mağazaları fəaliyyətə başlamasın. Moskvada yaşayan "Beynəlxalq Əhli –Beyt cəmiyyəti"nin Rusiya şöbəsinin sədri Nizami Baloğlanovu da Gürcüstanda tez-tez görmək mümkündür. Azərbaycan istisna olmaqla MDB ölkələri ilə koordinasiyanı məhz Nizami Baloğlanov həyata keçirir. "Azerros"un da üzvü olan Baloğlanov "Milyarderlər İttifaqı"na daxil olan əksər tanınmış oliqarxlarla isti münasibətlərə malikdir. İttifaqın dini məsələlər üzrə koordinatoru da məhz odur"- deyə mənbə bildirib.

Sübhan
AzNews.az