Yol polisi sürücülərə müraciət etdi

15 May 2013 11:36 (UTC+04:00)
Azərbaycanın yol polisi yay mövsümü ilə əlaqədar sürücülərə və avtomobil sahiblərinə müraciət edib.

Daxili İşlər Nazirliyinin Respublika Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev Trend-ə bildirib ki, havaların yenidən istiləşməsi ilə əlaqədar Azərbaycanın şimal və cənub rayonlarına istirahətə gedənlərin, eləcə də rayonlardan paytaxta kənd təsərrüfatı məhsullarının daşınması ilə məşğul olan sürücülərin sayı getdikcə artır.

Şöbə rəisi bununla əlaqədar avtomobil sürücülərini diqqətli olmağa, nəqliyyat vasitəsini müəyyən edilmiş sürət həddində idarə etməyə, xüsusən də spirtli içki qəbul edəndən sonra avtomobil idarə etməməyə və yükdaşıma qaydalarına ciddi riayət etməyə çağırıb:

"Müşahidələr göstərir ki, son vaxtlar baş verən ağır yol qəzalarının əsas səbəbləri sürət həddinin aşılması, manevr, ötmə qaydalarının pozulması, sürücünün avtomobili sərxoş və yuxusuz vəziyyətdə idarə etməsidir".

Qeyd edək ki, ötən il yay mövsümü zamanı istirahət mərkəzlərinin yerləşdiyi rayonlara gedən magistrallarda çoxsaylı insan ölümü və xəsarəti ilə nəticələnən ağır yol qəzaları baş vermişdi.

AzNews.az