Ərdoğandan spirtli içki satışına qadağa

15 May 2013 13:20 (UTC+04:00)


Lent.az-ın "Hürriyet" qəzetinə istinadən verdiyi məlumata görə, hakim partiya tərəfindən təklif edilən dəyişiklikdə qeyd edilir ki, ibadət məkanları və hər cür təhsil verən qurumlar ilə spirtli içkilərin satıldığı otel, restoran, kafe və ticarət mərkəzləri arasında məsafə ən azı 100 metr olmalıdır.

Bu qadağa turizm sektorunda fəaliyyət göstərən şirkətlərin obyektlərinə də aiddir. Bu da faktiki olaraq Türkiyədə alkoqollu içki satışı ilə bağlı verilən icazələrin 70 faizə qədərinin ləğv ediləcəyi deməkdir. Çünki yaşayış məkanlarındakı məscidlərlə bərabər, kilsə və sinaqoqlardan da 100 metr radiusda spirtli içki satmaq olmaz. Şəhər, qəsəbə və kəndlərdə müxtəlif təhsil müəssisələri, o cümlədən kurslar olduğu üçün bu qadağa faktiki yaşayış məkanının əksər qismini əhatə edir. Məsələn, İstanbulda İstiqlal prospektində həm məktəb, həm də çoxlu sayda təhsil kursları var. Çiçək Pasajının qarşısında Qalatasaray Liseyi olduğu üçün bu pasajdakı restoranların spirtli içki ilə bağlı icazələri ləğv ediləcək. Sultanahmet meydanı, Qalata qülləsi civarındakı otellər, Ortaköy, Kumkapı və Kadıköydəki restoranlar da spirtli içki sata bilməyəcəklər. Bodrum, Çeşmə, Antalya kimi turizm bölgələrində də içki satışına icazə verilən restoranların sayı yarıdan çox azalacaq.

İstanbulun məşhur boğazları ətrafında da yerli sakinlərlə bərabər turistlərin də spirtli içki içməsi tarixə qovuşacaq. Çünki dəyişiklikdə bayırda, bayırdan görülən yerlərdə, o cümlədən şüşə arxasında spirtli içki içməyə qadağa nəzərdə tutulur. Bələdiyyələrin restoranlara spirtli içkidən istifadə ilə bağlı icazə vermək səlahiyyəti də ləğv olunub. Belə icazələri yalnız vali və icra nümayəndələri verə bilərlər. Yəni vali və icra nümayəndəsi istəyərsə, bütün şəhərdə, yaxud rayonda, kənddə spirtli içkidən istifadəyə qadağa qoya bilər. Hətta ibadət və təhsil məkanlarından 100 metrdən uzaqda yerləşən, spirtli içki satmağa icazə almış otel, restoran, kafe və ticarət mərkəzlərinin də işi qəlizləşib. Çünki bu məkanlarda içki içildiyi, yaxud mağazada spirtli içki satıldığı kənardan görünərsə, həmin obyektlərdə içki satışına icazə ləğv olunacaq, obyektlərin sahibi 6 min dollardan 30 min dollara qədər cərimələnəcəklər. Üstəlik, heç bir yerdə alkoqollu içkilərin reklamı mümkün olmayacaq, belə reklamları qəzet, jurnal və internet saytlarında yerləşdirmək mümkün olmayacaq. Alkoqollu içkilər istehsal edən şirkətlərə ticarət markası ilə hər hansı sosial layihəyə sponsorluq etməyə də icazə verilməyəcək. Bu şirkətlər İstanbul Mədəniyyət və Sənət Dərnəyinin tədbirlərinə, kino və musiqi festivallarına da sponsor ola bilməzlər.

AzNews.az