“Mingəçevir Su Anbarı çox təhlükəlidir”

15 May 2013 14:47 (UTC+04:00)


Mİngəçevir Su Anbarında 4 baldan yuxarı olan zəlzələlərin sayı artıb. APA-nın xəbərinə görə, bunu Fövqəladə Hallar Nazirliyinin İnfrastrukturun İnkişafı Baş idarəsinin (İİBİ) rəisi Tariel Hüseynov AMEA Rəyasət Heyətinin bu gün keçirilən iclasında deyib. Onun sözlərinə görə, əslində dünyada su anbarlarında seysmik təhlükə 1 baldan yuxarı olmamalıdır. T. Hüseynov deyib ki, Mingəçevir Su Anbarı ilə yanaşı, Şəmkir, Yenikənd su anbarları ilə bağlı da kompleks tədqiqatlar aparılmalıdır.

AMEA prezidenti Akif Əlizadə isə deyib ki, Mingəçevir hövzəsinin ciddi təhlükə olaraq qalmaqdadır: "60 ildən artıq istifadədə olan bu hövzədə ciddi tədqiqatlar aparılmalıdır. Çünki 60 il ərzində orada müxtəlif geoloji, tektonik, geodinamik dəyişikliklər baş verib. Bu tədqiqatlar AMEA Respublika Seysmoloji Xidmət Mərkəzi, Geologiya İnstitutu və FHN-lə birlikdə aparılmalıdır".

Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli də deyib ki, Mingəçevir hövzəsi Azərbaycan üçün seysmik baxımdan ən təhlükəli ərazilərdən biri olaraq qalır: "Bu anbarın altından zəlzələ ocaqları, dərinlik qırılması keçir. 2010-cu ildə Kür subasması zamanı daşqının qarşısını almaq üçün Mingəçevir bəndinin ağzını bağladılar. O zaman anbarın dolmasına 70 sm qalmışdı. Seysmik təhlükəyə görə, bənddə suyun səviyyəsini bundan yuxarı qaldırmaq olmaz. Həmin vaxt yeraltı təkanların sayı artmağa başladı. Bundan sonra suyu buraxmağa başladılar. Bu barədə yazılanlar dəfələrlə cavabsız qalıb. Seysmoloq kimi deyirəm ki, Mingəçevir Su Anbarı çox təhlükəlidir".

AzNews.az