“Eldar Namazov kimdir ki...?!” - QALMAQAL

16 May 2013 10:01 (UTC+04:00)


"Eldar Namazov kimdir ki, məni harasa dəvət etsin?! Mənim Milli Şura ilə bağlı müəyyən adamlarla görüşüm, söhbətim olub, ancaq bu, Eldar Namazov səviyyəsinə olmayıb".

Bu sözləri AZNEWS.AZ-a açıqlamasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə deyib.

O, Milli Şurada iştirakla bağlı danışıqlar aparan şəxslərdən Eldar Namazovun ona dəvət göndərib-göndərmədiyi barədə suala belə cavab verib. Deputat bildirib ki, Milli Şurada iştirakla bağlı kimdənsə hər hansı bir dəvət gözləmir, ancaq qurumla bağlı liderlərdən biriylə danışıqları olub. Ancaq həmin şəxsin adını açıqlamaq istəmir.

Milli Şura təsis ediləcəyi təqdirdə bu qurumda iştirak edəcəyi və ya onun fəaliyyətinə dəstək verəcəyi ilə bağlı suala isə millət vəkili belə cavab verib: "Milli Şura yaransın, onun məqsəd və məramları bəlli olsun, bundan sonra bu qurumda iştirakla bağlı, onun fəaliyyətini dəstəkləməklə bağlı mövqeyimizi açıqlayacağıq. Hələlik isə bu barədə heç nə deyə bilmərəm".

Anar
AzNews.az