Ağcabədi RİH su borularının satılmasını təkzib edir

16 May 2013 14:31 (UTC+04:00)


Ağcabədi şəhərinin əhalisi içməli su sarıdan əziyyət çəkir. Bu barədə şəhər sakinləri məlumat veriblər. Onların sözlərinə görə, əvvəllər şəhərə Qarqar çayından su kəməri vasitəsi ilə su gəlirdi. Sovet dönəmində hətta mərkəzi küçələrdə səkilərin kənarında xüsusi su krantları olub ki, yolla gedən insanlar bundan istifadə ediblər.

Məlumatda bildirilir ki, Ağcabədi rayon İH-nin başçısı Şahin Məmmədov Qarqar çayından şəhərə gələn 18 kilometrlik su kəmərinin çuqun borularını satdırıb. Təxmini hesablamalara görə, Şahin Məmmədov apardığı "boru əməliyyatı"ndan 33.0000 dollar "irəli düşüb". Elə bu pul hərisliyinin ucbatından da Ağcabədi şəhərinin əhalisi içməli su tapmır. Əhali içməli su əldə etmək üçün ya nəqliyyat vasitələrindən istifadə etmək, ya da minik vasitələri və su çənləri ilə su gətirib satanların xidmətindən istifadə etmək məcburiyyətində qalır.

AzNews.az Ağcabədi sakinlərinin içməli suya olan tələbatının səbəbini və Ağcabədi rayon icra başçısı Şahin Məmmədovla bağlı söylədiklərinə rayon rəhbərliyinin münasibətini öyrənib.

Rayon icra başçısının ictimai-siyasi və humanitar məsələlər üzrə müavini Əbülfət Tapdıqov AzNews.az-a açıqlamasında şəhərinin içməli su problemini etiraf etsə də, şəhər sakinlərinin icra başçısı ilə bağlı iddialarını qərəzli adlandırıb:

"Ağcabədinin su-kanalizasiya sistemi yenidən qurulmalıdır. Şəhərin su xətləri çoxdan çəkilib. Artıq 30-40 ildir ki, həmin su xəttləri istifadə olunur. Odur ki, tələbatı tam şəkildə ödəyə bilmir. O qədər çox şey deyirlər ki. Heç birinin də əsası yoxdur. Tam qərəzlə deyilmiş sözlərdir. Əslində Şahin Məmmədov icra başçısı təyin olunandan rayonu tam başqa aləmə çevirib. Şahin müəllim heç nə satmayıb. Tikdiklərini isə saymaqla bitməz".

Əbülfət Tapdıqov şəhərin içməli su problemini həll edəcək layihədən də danışıb: "Asiya İnkişaf Bankının hesabına çəkiləcək yeni sistem artıq layihələşdirilib və yenidən qurulacaq".

Ruhiyyə
AzNews.az