Qarabağda döyüşən ermənilər ayağa qalxdı

17 May 2013 07:23 (UTC+04:00)


Ermənistan rəhbərliyi Qarabağın işğalında iştirak edən döyüşçülərə qarşı biganəlik nümayiş etdirir və onların heç bir problemi həll edilmir

Bunu erməni mətbuatına müsahibəsində Qarabağ müharibəsində iştirak etmiş Vardqes Smbatyan bildirib.

O, keçmiş döyüşçülərin təqaüdünün həddindən artıq az olduğunu və mənzil problemlərinin indiyə qədər həllini tapmadığını vurğulayıb: "Ermənistanda Qarabağ müharibəsində iştirak etmiş çox sayda könüllülər var ki, bu gün çətin şəraitdə yaşayırlar. Bundan başqa əlil və ya sadəcə xəstədirlər. Onlar dövlət dəstəyinə ehtiyac duyur".
Bu problemlərlə qarşılaşan keçmiş döyüşçülər çıxış yolunu oturaq aksiya keçirməkdə görüb. Bununla onlar dövlətin diqqətini problemlərinin həllinə çəkmək niyyətindədirlər.

Erməni mətbuatının yazdığına görə, mayın 13-də bir qrup keçmiş döyüşçü baş nazir Tiqran Sarkisyana məktub ünvanlayıb. Məktubda Qarabağ döyüşlərində iştirak edənlərin təqaüdlərini artırılması tələbi əksini tapıb.

Etiraz aksiyasının isə ilk olaraq ehtiyatda olan polkovnik Volodya Avetisyan başladıb. Qısa müddətdə aksiyaya çox sayda erməni qoşulub və onlar Qarabağın işğal edilməsindəki "xidmətlərinə" görə Ermənistan dövlətindən qiymət istəyirlər.

Elnarə Əlosmanqızı
AzNews.az