“Almaniyanın üzr istəməsini görməmişik“- Müraciət

17 May 2013 08:41 (UTC+04:00)


"Bu günlərdə bütün bəşəriyyət II Dünya müharibəsində Qələbənin 68-ci ildönümünü qeyd etdi. Azərbaycan xalqı Böyük Vətən Müharibəsinin cəbhələrində şücaət göstərərək, arxa cəbhədə fədakarcasına çalışaraq Avropa xalqlarının faşizmin dəhşətlərindən xilas edilməsinə öz əhəmiyyətli töhfəsini verib.

Biz cəmiyyətimiz və dövlətimiz tərəfindən veteranlara göstərilən qayğı və dəstəyə, müharibə qəhrəmanlarının və qurbanlarının xatirəsinə diqqətli münasibətə görə minnətdarıq. Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin Böyük Vətən Müharibəsinin iştirakçılarına, həlak olan döyüşçülərin dul arvadlarına və arxa cəbhədə çalışan zəhmətkeşlərə əhəmiyyətli maddi yardımın verilməsi barədə Sərəncamı bu qayğı və diqqətin daha bir bariz nümunəsidir.

Biz veteranlar müharibənin bütün ağırlığını, nasist Almaniyası və onun müttəfiqlərinin təcavüzünün nəticələrini öz üzərimizdə hiss etmişik. Veteranların və 1941-1945-ci illərin müharibəsini xatırlayanların sayı ildən-ilə azalır. Lakin buna baxmayaraq nə biz, nə də Azərbaycan xalqı indiyədək Almaniyanın rəsmi şəkildə üzr istəməsini görməmişik. Əvəzində bu gün biz Almaniyada millətçiliyin artmasını böyük narahatlıqla müşahidə edirik, əcnəbilərə, xüsusilə müsəlmanlara hücumlar və onların öldürülməsi barədə tez-tez eşidirik. Biz millətçiliyə gözyumma siyasətinin bütün təhlükəsini indiki nəsildən daha yaxşı başa düşürük. Almaniya hökumətinin bu məsələdə hərəkətsizliyi və susqun razılığı yeni faciələrə gətirib çıxara bilər.

Hesab edirik ki, biz nəinki Avropada sülhün təmin olunmasına, həm də bu gün Almaniyanın demokratik dövlət kimi inkişaf edə bilməsi üçün öz töhfəmizi vermişik. Ona görə də Almaniya hökumətinin İkinci Dünya müharibəsinin nəticələrinə görə başqa xalqlardan üzr istədiyi kimi, Azərbaycan xalqından da rəsmi şəkildə üzr istəməsini və Azərbaycan veteranlarına kompensasiya ödənilməsi məsələsinə baxmasını vacib hesab edirik. Biz, həmçinin Almaniya hökumətini keçmişdə buraxılmış bütün dünyanın taleyi üçün faciəvi olan səhvləri təkrarlamamaqdan ötrü ölkəsində millətçilik və ekstremizmlə mübarizəni gücləndirməyə və bu istiqamətdə real addımlar atmağa çağırırıq". (AzərTac)


AzNews.az