Pirallahı “tikan üstündədir”: Evlər kütləvi şəkildə sökülür - FOTOSİLSİLƏ

17 May 2013 21:18 (UTC+04:00)


Söküntü bumu Pirallahı rayonuna da çatdı. Ötən ilin sonunda yaradılan sözügedən rayonda salınan yeni məhəllədə 10-a yaxın ev sökülüb.

Sakinlərin sözlərinə görə, onlara xəbərdarlıq söküntüdən bir gün öncə edilib: "Bizə dedilər ki, üç günə evinizi tərk edin. Səhəri gün isə kiminin evini, kiminin toyuq-cücə damını, kiminin də hasarını söküblər. Deyirlər ki, ərazidə bina tikiləcək, bizə isə kompensasiya verilməyəcək".

Sakinlər isə min-bir əziyyətlə tikdikləri mənzillərindən bir şərtlə çıxmağa razıdırlar ki, onlara normal pul versinlər: "Kompensasiya versələr, və həmin pulla özümüzə torpaq alıb, ev tikə bilsək, günü bu gün çıxarıq".

Amma bəziləri yeni ev tikmək məsələsində də pessimistdir: "Burada yaşayan insanlar illərini bir komanı tikməyə həsr ediblər. Bundan sonra yeni ev tikməyə başlasaq ömrümüz bitəcək. Bəs, biz nə vaxt yaşayaq?"

Pirallahı Rayon İcra Hakimiyyətinin rəsmisi Manaf Manafov isə həmin ərazinin plana görə yeni yaranan rayonun mərkəzi olacağını deməklə baş verənlərə haqq qazandırır. Onun fikrincə, söküləcək ünvanda rayonun inzibati binaları tikiləcək: "Sakinlərə də bu barədə əvvəlcədən şifahi məlumat verilib. Sökülən evlərin müqabilində isə kompensasiya məsələsi də həllini tapacaq".

Ramin DEKO
AzNews.az