Rus məşqçi fantastik məbləğ tələb edir

18 May 2013 08:31 (UTC+04:00)


"Qəbələ"nin baş məşqçi vəzifəsinə gətirilən Yuri Syomin kluba fantastik məbləğ "oxuyub". AzNews.az daxil olan məlumata görə, Syomin bu klubda bir il məşqçi işləmək üçün milyon yarım pul istəyir. O, klub rəhbərliyinə düşünmək üçün mayın 20-dək vaxt verib.

Amma Syominin şərtləri təkcə bundan ibarət deyil. Rusiya mətbuatının yazdığına görə, gələn mövsüm təkcə futbolçu transfer etmək üçün əlavə 6 milyon avro pul tələb edib. Syomin dəyəri 1 milyondan az olmayan ən azı 4 oyunçu almaq niyyətindədir.

Məşqçinin başqa bir istəyi isə klubun oyunçularına və məşqçi korpusuna hər qələbəyə görə mükafatların verilməsi barədədir. Syomin Azərbaycan miqyası üçün çox böyük məbləğ tələb edir-hər qələbəyə görə, 10 min manat.

Bundan başqa klub onun ev kirayəsini, sürücüsünün əməkhaqqını, habelə ildə 4 dəfə Moskvaya uçmaq üçün aviabiletinin pulunu ödəyəcək.

Rusiyanın "Sport ekspress" qəzeti də Syominin "Qəbələ"yə keçidi ilə bağlı maraqlı xəbər yayıb. Xəbərdə deyilir ki, məşqçi özüylə iki köməkçi gətirəcək. Onlardan birin adı artıq məlumdur. Bu Rusiya yığmasının sabiq baş məşqçisi Boris İqnatyevdir. İqnatyevin aylıq əməkhaqqının 500 min avro olacağı bildirilir.

Sübhan
AzNews.az