Onlar “Son zəng“i Azadın məzarı üstündə keçirəcəklər - FOTOLAR

18 May 2013 14:58 (UTC+04:00)



"Ana bu gün "Son zəng" üçün paltar almaq istəyirəm. Dərsdən sonra bazara gedəcəyəm, imkan varsa mənə pul ver".

Bu sözlər mayın 13-də səhər dərsə gedərkən Azad İlyasovun anasına dediyi son sözlər idi.

Sumqayıt şəhərindəki 17 sayl orta məktəbin şagirdi Azad İlyasov səhər dərsə gedərkən anasından məhz pul aldığına görə bir neçə dəqiqə məktəbə gecikibmiş. AzNews.az xəbər verir ki, bu barədə Anspress-in Azad İlyasovun yas mərasimində iştirak edən əməkdaşı Azadın anasından öyrənib.

Sevda İlyasovanın dediklərinə görə, oğlu əslində dərsə deyil, məktəbin həyətində səsləndirilən Azərbaycan himnini dinləməyə gecikib. Buna görə də, məktəbin daxili qanununa əsasən Qafar müəllim tərəfindən cəzalandırılıb.

"Azad "Son zəng"ə hazırlaşırdı, son mənzilə getdi. Məktəbdən zəng vurub dedilər ki, Azad yıxılıb. Tələsik getdim məktəbə. Məktəbə çatanda artıq həyətdə meyit uzatmışdılar. Təcili yardım maşını da vardı. Meyitin üstünə ağ sərmişdilər. Ağı qaldırıb baxdım. Azadın sağ tərəfdən gicgahı çapılmışdı. Həmin dəqiqə huşum getdi", – deyə Sevda İlyasova bildirib.

İlk öncə, həkimlər şagirdin ürək çatışmazlığındün dünyasını dəyişdiyini desələr də, sonradan Azadın sinif yoldaşları direktor və müəllimin göstərişlərinə baxmayaraq hadisənin təfərrüatlarını olduğu kimi danışıblar. Onlar məhz məktəbə gec gəldiyi üçün müəllimin "Bir neçə dövrə qaç" əmrindən sonra Azadın halının pisləşdiyini gizlətmək istəməyiblər. Elə ilk dəfə də, bu barədə Azadın sinif yoldaşları məlumat verib.

Sevda xanımın sözərinə görə, Azad ürək xəstəsi olub və onu tibb elmləri doktoru Elnur İmanov müalicə edirmiş. Azada ürəyinin sol divarının qalınlaşması diaqnozu qoyulub. Lakin Azad öz xəstəliyi barədə hamının bilməsinin əleyhinə olub. Çalışıb ki, məktəbdə, həyətdə onu xəstə kimi tanımasınlar. Həmişə aktiv olub. Şən, mehriban, zarafatçıl olan Azad musiqi məktəbində də təhsil alıb. Onun nağara ifa etməklə yanaşı, yaxşı aktyorluq qabiliyyəti də varmış. Dostları onun kollektiv tədbirlərin fəalı olduğunu deyirlər.

Sininf yoldaşı Elsevər Cəfərov Azadın daim aktiv gənc olduğunu bildirib: "Biz bu yaxınlarda bilmişik ki, Azadın ürəyi xəstədir. Həmişə hərəkətdə olub, rəqs edib. Birlikdə velosiped sürürdük. Hətta, bir neçə ay cüdo ilə də məşğul olub. Aktyorluğu da vardı. Novruz bayramında kosa rolunda oynayırdı".

Məktəbin "11 B" sinif şagirdləri İsgəndər Quliyev, Emin Almuradov, Ələkbər Ələkbərov deyirlər ki, Azadın ölümü ilə əlaqədar "Son zəng" keçirməyəcəklər. Sadəcə, həmin gün məktəbin bütün 11-ci sinif şagirdləri qara paltar geyinib, Azadın məzarını ziyarət edəcəklər.

Şagirdlərin bu təşəbbüsünü 17 saylı məktəbin rəhbərliyi dəstəkləmir. Məktəbin yeni təyin olunan direktoru, Sumqayıt şəhər Təhsil Şöbəsinin aparıcı məsləhətçisi Sübhi Məmmədov açıqlamasında bunun heç də yaxşı fikir olmadığını bildirib.

"Ümumilikdə 17 saylı məktəbdə vəziyyət gərgindir. Müəllim-şagird, müəllim-valideyn münasibətləri heç də yaxşı deyil. Hazırda valideynlərlə söhbətlər aparılır. Bundan başqa, məktəbin digər problemləri həll edilir. Şagirdlər üçün psixoloq danışmışam. Bu hadisədən sonra uşaqlarla psixoloji söhbətlər aparılmalıdır. Bu gərginliyi bir az da ağırlaşdırmaq lazım deyil. Ona görə də, düşünürəm ki, uşaqların "Son zəng" günü Azadın məzarı üstünə getmək fikiri heç də yaxşı deyil", - deyə Sübhi Məmmədov bildirib.

Sumqayıt şəhər Prokurorluğundan isə Azad İlyasovun ölümü ilə əlaqədar 14 may 2013-cü ildə Cinayət Məcəlləsinin 309.1-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddəsilə cinayət işi başlanıb. İşi aparan Sumqayıt şəhər Prokurorluğunun böyük müstəntiqi Sərxan Bəxtiyarovun verdiyi məlumata görə, hazırda istintaq gedir. Onun sözlərinə görə, əgər şagirdin ölümündə kiminsə günahı sübuta yetirilərsə, həmin şəxs mütləq cəzalandırılacaq.

AzNews.az