Sakit, səssiz ölmək istəyən səfil jurnalist - LAYİHƏ

19 May 2013 10:23 (UTC+04:00)


Səfil Jurnalistlər - Bu layihənin qonaqları səfillərdir.

Biz heç kimi təhqir etmək niyyətində deyilik. Bu yolu özümüz seçmişik, yolumuzdan sapsaq da, yolu düz qət etsək də. Məqsədimiz kimlərisə reklam etmək də deyil. Sadəcə, məqsədiniz həmin səfillərin iç dünyasını açmaqdır. Statuslu səfillərin dünyası bir az qara, bir az da qısametrajlı film kimi bozumtuldur. Ona görə onlar haqqında danışmaq yerinə düşər...

Kasıb xoşbəxtlik vəhşi səfalətə çevriləndə

"Nəyin var?"- bu sözləri elektron poçtumu açan kimi söhbət bölümündə ondan mesaj kimi qəbul edirəm. Nəyim varsa, deməliyəm. Pulumu, yazımı, hətta çantamda olan təzə əşyaları ona bir-bir saymalıyam. Sanki ona seçim imkanları yaratmağı öz üzərimə götürmüşəm. Özünə lazım olanı aldıqdan sonra bəzən "sağ ol" demədən söhbətdən çıxır. İşi elə virtual həll edir. Yazı lazımdırsa göndərməliyəm, yaxud bir ipucu verməliyəm, pula ehtiyac varsa, kimdənsə almalı, sonra da onun yerinə qaytarmalıyam. Bu hərəkətlər qarşılıqlıdır. Sanki uşaq oyunu oynayırıq. Bir gün bunu o edir, sabahısı gün "qisas" növbəsi məndə olur.

Sonuncu dəfə görüşdüyümüz gün ciddi, yaxud da təntənəli günlərdən deyildi. Zəng etdim, görüşmək istədiyimi dedim və...

Özünəməxsus gülüş

10 dəqiqə keçmədi ki, gözlədiyim yerdə - metronun "Elmlər Akademiyası" stansiyasının içərisində görüşdük. "Nə olub?" soruşur, cavab vermirəm. "Yolumuz "İçərişəhər"ədir. Sonra bilərsən" deyib, birtəhər qatara minirik. Bir vaqondan düşüb, o birisinə minmək, qatar gözləmək halımız olmadığı üçün "Nizami"də "bəsdir" deyib, ucuz kafelərin birinə doğru irəliləyirik. O mütəmadi siqaret çəkən deyil. Yalnız məclisdən-məclisə. Görüşürüksə, deməli məclis var, məclis varsa, siqaret də olmalıdır.

Ənənə bu dəfə də pozulmur, bilir ki, nəsə getdiyimiz ünvan yeyib-içməli yerdir. Odur ki, siqaretin dəmi gəlir. Bəlkə də gətirir... Birini damağına qoyur. Özünəməxsus tərzdə ziyalı görkəmi alaraq yoluna davam edir. Əsas məsələyə keçmirəm. Yolboyu məqsədimin nə olduğunu niyə deməliyəm ki? Bir saat sual verəcək. Odur ki, ordan-burdan söhbət edirəm. Oturacağımız yerə 30-35 dəqiqəyə çatırıq. Yemək sifariş verib, ümumi söhbətdən sonra görüşə çağırmağımın nədənini ona deyirəm. Bir az duruxur. Elə bil duelə çağırmışam onu. İlk sualımı bunun üstünə gəlsən, vəziyyətin nə qədər xarab olduğunu anlamaq o qədər də çətin deyil.

- Özünü qəhrəman hesab edirsən?

- Yox. Nə qəhrəman? Belə bir misal var – məşhur olmaq asandır, insan olmaq çətin. Düşünürəm ki, qəhrəman olmaq da asandır. Adi insanam. Ancaq istəyirəm adidən də adi olum.

Söhbətə bir neçə dəqiqəlik ara veririk. Ofisiant sifariş verdiyimiz yeməklərlə qarşımızdadır. Ucuz kafelərdə yeməklər nədənsə tez hazır olur.

Əlini əlinə sürtüb sanki ciddi bir işlə məşğul olurmuş kimi "ye" deyir. Davamını "arada söhbət də edərik" cümləsilə gətirir.

Çox maraqlı gülüşü var. Qəhqəhə çəkmir. Maraqlı əhvalatları eyni gülüşlə qarşılayır. Əgər gülüşün formulunu yaza bilsəm, onun bütün hadisələrə münasibəti bu cür olar – hi hi hi hi...

Cəmiyyətin bir parçası


Uzun pauzadan sonra ikinci sual belə olur - niyə jurnalist?

- Jurnalist cəmiyyətin aynasıdır. Bütün problemlərə işığı da, kölgəni də yazı adamları salırlar. İstənilən bir hadisəni fil yaxud qarışqa səviyyəsində etmək mümkündür. Problemi dilə gətirən belə əsas motiv deyil. Bəli, əsas hədəf mənəm bundan çox qürrələnirəm.

- Hədəf olmaq çətin deyil?

- Çətin olsa da, şirindi. Sevinirəm ki, jurnalistəm. Universitetə imtahan verəndə 8 ixtisasdan 6-nı jurnalistika fakültəsi yazdım. Peşman da deyiləm. Özümü başqa sahədə görə bilmirəm.
Onun da haqqı tapdanıb. Təkcə söz adamı kimi yox, bir vətəndaş olaraq.

Bakıya gəldiyi gündən qohumunun evində qalıb. "Qış bulvarı" layihəsinə görə viranə qalmış ünvanda yaşayırmış.

Belə düşünür

Jurnalistin dəbdəbəli evdə yaşamasını təsəvvür edə bilmir. Onun fikrincə, yazı adamının ən yaxşı halda özü və ailəsinin yaşaya biləcəyi kiçik bir mənzili olmalıdır.

"Köhnə, nimdaş stol və stullar, evdə iki saat varsa birinin əqrəbləri dayanmalı, kitabların vərəqləri kirlənməli. Yazı adamı ən yaxşı halda cəmiyyətin haqqı tapdanmış üzvündən bir azca üstün yaşamalıdır".

Əsəb, gərgin və yaradıcılıq

İlk yazılarını "Bizim Yol" qəzetində yazıb, özü də çox çətinliklə. Dediyinə görə, redaksiyaya gedə bilmirmiş. Çünki "20 Yanvar"da satıcı işləyirdi. Arada boşluq yaranan kimi qeyd dəftərçəsinə qeydlər edirdi. Sonra bibisi qızına kompüterdə yığdırıb, redaksiyaya göndərirdi. Satıcılıq həm onun maddi problemlərini qismən həll edir, həm də yaradıclıq üçün geniş imkanlar verirdi. Hər tipdə insanla qarşılaşır, siqareti satır, oturub bir-iki cümlə yazmaq istəyərkən alıcı yenidən yaxınlaşıb, onu dəyişməsini xahiş edir. Biz sözlə: əsəb, gərginlik və yazı...

Reportyor olmağının maraqlı bir tarixçəsi var.

"Bir gün fransız yazıçısı Prosper Merime ustadı Stendala "bəsdir, hakimiyyəti tənqid etdin, səni tutacaqlar" söyləyir. Stendal cavabında deyir ki, "azadlıq deyilmi? Adamı sözə görə tutmazlar".

Merime: Səni tutmağa nə var ki, bir qadın yoldan keçəndə çiynini sənə toqquşdurar, sonra deyər ki, ona sataşmısan" – bu sitat Onun "Kaş o kitab olmayaydı" yazısındandır. Bu əhvalatı kitabdan oxuduğu ərəfədə "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahid eyni metodla həbs olunur və bunu qələmə alır. "Bizim Yol"un baş redaktorunun yazı xoşuna gəlir və ona iş təklifi edir. Fürsəti əldən verməyib razılaşır.

"Qənimət həbs olundu, mən isə işə düzəldim" – çox sakit şəkildə elə ürəklə bu cümləni deyir ki, sanki bu olay baş verməsəydi, o, hələ də piştaxta arxasında bir gözü alıcılarda, bir gözü dəftərdə yazı yazacaqmış...

Nikbin və sevincli

O, həm solçu, həm də solaxaydı. Kamyu, Sartr, Cek London... siyahını uzatmaq olar. Bu insanları daha çox oxuyur. Onu təkcə solun romantikası valeh etməyib. Barrikadanı da çox sevir. Arzusu da elə onun önündə ölməkdir.

Cek London kimi ona da sosializmi yeridiblər. Ancaq savadsızlığından sırımayıblar. İndiki dövrdə ona ən doğru yolu Sol göstərir. İnanır ki, bir gün sol qalib gələcək...

Həsrət və qəhər

Bakı o qədər də xoşuna gəlmir. Deyir ki, Lənkəran onun üçün doğmadır. Jurnalist kimi orada çalışsaydı, Bakıdan elə bu gün gedərdi. Lənkəranda kasıb olsa da, xoşbəxt idi. Onun Bakıya gəlişi kasıb xoşbəxtliyini vəhşi səfalətlə əvəzləməsi ilə yekunlaşıb. Uşaqlıq xatirələrinin həkk olunduğu məhəllələrinə ayaq basmaq onun üçün çox çətindi. Getməyəndə həsrət öldürür, gedəndə isə qəhər boğur.

O vaxtları hətta yamaq topla futbol oynamaq, qonşunun həyətindən alça oğurlamaq, üst-başı palçıq içində, tərli halda evə gəlmək, uzun illər lampa işığında dərs öyrənmək belə xoşbəxtlik idi.

Mənəvi dəyərləri maddi dəyərlərin əvəzləməsi, mənəviyyatsızların əxlaq dərsi keçməsi, əsl qəhrəmanların susmağa üstünlük verməsi onu təbdən çıxarıb.

Əsəbi halda "xəyanətlər adiləşib, əqidəsizlik dəbə minib, satqınlıq mübarizənin yorğunluq dövrü adlandırılıb, ölümlər "o da getdi?" laqeydliyi ilə qarşılanır" - deyir.

Heç kim


O, səfil həyatı yaşayır. Vüktor Hüqoqunun "Səfillər" romanının personajları kimi sakit yaşamağı yox, hətta barrikadalarda ölməyə hazır olanlardandır.

Bir anlıq düşünün, sizə heç kim, ailəniz belə dəstək vermir, barrikadalarda hamının yerinə vuruşub həlak olsanız, tapdanmış və təhqir olunmuş meyitiniz üstündə ana-bacınızdan başqa heç kim ağlamayacaq, hətta yoldan ötənlərin belə tükü tərpənməyəcək. Kənara çəkilib başqaları kimi uyğun zamanı gözləmək mümkündür. Ancaq məsələnin tez və kökündən həll olunmasını lazım bilir və buna görə vuruşur.

Minlərlə haqqı tapdanan hüquqları uğrunda savaşır.

Roskolnikov kimi və Roskolnikovdan fərqli

Nümayişlərdə şəkil çəkmək üçün vəsiqəsini təqdim etdiyi, gülümsəyərək başını yellədən, "işində ol!" deyən asayiş keşikçilərin səxavətinin də bura qədər olduğunu anlayar. Əmindir ki, "işində ol" deyən də adi vaxtda onun kimi haqqı tapdanmış insandı. Onu da unutmur ki, bu gün qəhqəhə çəkən asayiş keşikçisi sabah nümayişdə bir-iki dubinkanı da ona vuracaq.

Raskolnikov kimi kasıbları səfalətdən qurtarmaq üçün zənginləri öldürməyi göz önünə alanlardan biridir. Ancaq Dostoyevskinin qəhrəmanı kimi dar otaqda bütün günü düşünüb belə qərara gəlməyib. Sadəcə, bunları yaşayıb...

***

Bax, bu odur. Emil Salamoğlu. Barrikadalarda, ya da sakit, səssiz ölmək istəyən səfil jurnalistlərdən biri...

Ramin DEKO
AzNews.az