Dəhşətli qəza nəticəsində 4 nəfər öldü, 3 nəfər yaralandı

19 May 2013 20:15 (UTC+04:00)
Şəmkirdə baş verən yol-nəqliyyat hadisəsində 4 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb.


Şəmkir rayon Polis Şöbəsindən APA-nın qərb bürosuna verilən məlumata görə, hadisə dünən Şəmkir-Gədəbəy yolunun Yasamal aşırımının Çənlibel kəndi ərazisində baş verib.

Gədəbəy rayon Leşkər kənd sakini, 1983-cü il təvəllüdlü Elçin Quliyevin idarə etdiyi "VAZ 2107" markalı avtomobil qarşı tərəfdən gələn Şəmkir rayon sakini Arzu Musayevin idarə etdiyi "VAZ 21011" markalı avtomobillə toqquşub.

Qəza zamanı "VAZ 2107"-də olan sərnişinlər- Gədəbəy rayon Leşkər kənd sakinləri, 1979-cu il təvəllüdlü Tofiq Əliyev, 1976-cı il təvəllüdlü Rasim Ələsgər və 1980-cı il təvəllüdlü Xaliq Mehdiyev hadisə yerindəcə dünyalarını dəyişiblər. Həmin avtomobilin sürücüsü, 1983-cü il təvəllüdlü Elçin Quliyev isə xəstəxanaya aparılan zaman yolda keçinib.

"VAZ 21011" markalı avtomobilin sürücüsü qəzada xəsarət almasa da, maşında olan Şəmkir rayon Seyfəli kənd sakini, 1966-cı il təvəllüdlü Gülnarə Hüseynova, Şəmkir rayon Çənlibel kənd sakini, 1988-ci il təvəllüdlü Mübariz İsmayılov və Gədəbəy rayon Leşkər kənd sakini İmran Orucov ağır bədən xəsarətləri ilə Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

İlkin ehtimala görə, hadisəyə sürət həddini aşma səbəb olub.

Faktla bağlı Şəmkir rayon Polis Şöbəsində araşdırma aparılır.


AzNews.az