“Eurovision” səslərini kim səhv hesablayıb? – İTTİHAM

20 May 2013 15:40 (UTC+04:00)
"Eurovision-2013" mahnı müsabiqəsi Azərbaycan üçün uğurlu başa çatsa da, müsabiqənin ardından yaşanan sms qalmaqalı böyüməkdədir.

Belə ki, Azərbaycanın ikinci yer tutduğu müsabiqədə Rusiyanın təmsilçimiz Fərid Məmmədova 12 xal verdiyi halda, Azərbaycanın Rusiya təmsilçisinə 1 xal belə verməməsi iki ölkə arasında gərginliyə səbəb olub. İlk öncə İTV rəhbəri Cəmil Quliyev məsələ ilə bağlı bəyanat yayaraq bildirib ki, Azərbaycandan Rusiya təmsilçisinə kifayət qədər səs verilib və bu rəqəmlər təşkilatçılara göndərilib.

Bəyanatda deyilir: "İctimai televiziyanın milli mobil operatorlardan aldığı məlumatlara görə, Rusiya təmsilçisi Dina Qaripova SMS-səsvermənin nəticəsi olaraq ikinci yeri tutub və bu qeyd-şərtsiz Azərbaycanın milli səsverməsində Rusiyaya yüksək yekun səs verilməsini təmin etməli idi".

Məsələ ilə bağlı prezident İlham Əliyev də xüsusi göstəriş verib və bu işin dərhal araşdırılmasını tapşırıb.

AZNEWS.AZ məsələ ilə bağlı "Eurovision-2013" mahnı müsabiqəsində səsvermə prosesində iştirak edən milli operator "Azərcell"in mətbuat xidmətinə müraciət edib və müsabiqə zamanı səslərin necə hesablandığı və bu barədə hesabatın hansı formada verildiyini soruşub. Şirkətin mətbuat xidmətindən bildiriblər ki, "Eurovision" müsabiqəsində sms göndərmək üçün göstərilən qısa nömrələr onlara məxsus deyil. Şirkətdən bildiriblər ki, bu məsələ ilə bağlı AzTelekom İstehsalat Birliyi məsuliyyət daşıyır. "Azərcell"dən deyilənə görə, müsabiqədə göstərilən qısa nömrələr onlara deyil, AzTelekom İB-ə məxsusdur.

AzTelekom İB-dən isə AZNEWS.AZ-A bildiriblər ki, ümumiyyətlə builki "Eurovision" müsabiqəsində onlar heç bir formada iştirak etməyiblər. Şirkətin ictimaiyyətlə əlaqələr xidmətinin rəhbəri Vidadi İsmayılın sözlərinə görə, əvvəlki illərdə ev telefonları ilə sms göndərmək mümkün olduğu üçün onlar də adıçəkilən müsabiqənin səsvermə prosesində iştirak edirdilər. Lakin bu ildən bu məsələdə ləğv edilib və AzTelekom "Eurovision-2013" müsabiqəsinin səsvermə prosesində heç bir formada iştirak etməyib: "AzTelekom İB-ə məxsus qısa nömrələr 3 rəqəmdən ibarətdir. Ancaq "Eurovision-2013"də təqdim olunan qısa nömrələr 4 rəqəmlidir. "Azərcell" şirkətinin bu məsələni bizim üstümüzə niyə yönəldiyini anlamırıq. "Eurovision-2013"də təqdim olunan qısa nömrələr bizə deyil, onlara aiddir"

Anar
AzNews.az