MTRŞ prezidentə müraciət edəcək

21 May 2013 15:05 (UTC+04:00)


APA-nın xəbərinə görə, bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli prodakşn rəhbərləri ilə keçirdiyi görüşdə deyib.

Onun sözlərinə görə, ssenaristlərin əksəriyyəti Azərbaycan ədəbi dilini, tarixini belə bilmir: "Orta məktəbi güc-bəla ilə qurtaran şəxs bu sahə ilə məşğul olursa, hansı nailiyyətdən danışmaq olar? Seriallar çəkilən zaman ayrı-ayrı klinikaları, supermarketləri, maşınları çox bərbad halda reklam edirlər. Obrazlar hətta təhlükəsizlik kəmərini belə bağlamır, maşınla qırmızı işıqda keçir, siqaret çəkirlər. Bütün bunlar yolverilməzdir. Artıq Azərbaycanda nə Türkiyə, nə Rusiya, nə Latın Amerikası serialları yayımlanmır. Elə isə televiziyalar və prodakşnlar ortaya keyfiyyətli iş qoymalıdır".

Şura sədri deyib ki, MTRŞ yaxın günlərdə cizgi filmlərinin çəkilməsinə vəsait ayrılması üçün ölkə prezidentinə müraciət edəcək: "Uşaqlarla bağlı vəziyyət o qədər acınacaqlıdır ki, bununla bağlı ölkə prezidentinə xüsusi məktub hazırlanır. Məktubda həm cizgi filmlərinin çəkilişi üçün vəsaitin yaradılması, həm də animasiya sahəsində kadrların hazırlanması üçün kursların yaradılması təklifləri öz əksini tapacaq".

Rejissor Kənan Mahmudov (Kənan MM) isə deyib ki, bəzi kanallarda çəkilən seriallara baxanda tamaşaçı kimi utanır: "Mən başa düşürəm, hər kəs kino çəkmək istəyir. Amma kinonu çəkə bilənlər çəkməlidir. Serialların bəzisində kameradan, kinodan xəbərsiz insanlar, rejissorların yaxın qohum-əqrəbası çəkilir. Belə getsə, bizim mədəniyyətimiz məhv olacaq".

"Ultra Prodakşn"ın prezidenti Pərviz Məmmədov isə seriallar üçün ayrılan vəsaitinin 10 faizini istedadlı gənclərin tədrisinə yönəltməyi və bir neçə prodakşnı birləşdirməyi təklif edib.

AzNews.az