Şərq Tərəfdaşlığının təmsilçiləri Azay Quliyevlə görüşdü

21 May 2013 19:55 (UTC+04:00)
Avronest Parlament Assambleyasının 27-28 may 2013-cü il tarixində Brüsseldə keçiriləcək plenar iclasının gündəliyinə tanınmayan, konfliktli ərazilərin QHT və fəallarının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunda iştirakları ilə bağlı məsələ salınıb.

APA-nın məlumatına görə, Şərq Tərəfdaşlığının Azərbaycan Milli Platformasının bir qrup üzvü bu məsələ ilə bağlı ətraflı məlumat almaq üçün Avronest Parlament Assambleyasının üzvü, millət vəkili Azay Qulievlə görüşüb. Görüşdə millət vəkili Azay Quliyev Avronestin Parlament Assambleyasının gündəliyindəki məsələ barəsində ətraflı məlumat verib.

Milli Platformanın üzvü Əvəz Həsənov bildirib ki, bu məsələ 2009-2010-cü illərdə onun koordinator olduğu dövrdə də Forumda müzakirə olunub və mütəmadi olaraq Azərbaycan tərəfinin etirazı nəticəsində məsələ beynəlxalq hüquq normaları nəzərə alınaraq həll olunub.

Qeyd edək ki, bu il 4-5 aprel tarixində Avropa İttifaqının Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumu İdarə Heyətinin İrəvanda keçirilmiş toplantısında münaqişə zonasından olan vətəndaş cəmiyyəti təşkilatlarının iştirakı yenidən gündəmə gəlib və Azərbaycan Milli Platformasının məlum bəyanatından sonra tərəflər arasında ümumi razılaşma əldə olunub. Buna baxmayaraq məsələnin Avronestin Parlament Assambleyasının gündəliyinə salınmasını narahatçılıqla qarsalayan görüş iştirakçıları millət vəkilindən plenar iclasda məsələnin müzakirəsindən çıxarılması üçün səylər göstərməsini istəyiblər.

AzNews.az