Ləzgi təşkilatı Azərbaycanla sərhəddə mitinqə hazırlaşır

22 May 2013 15:12 (UTC+04:00)


Bu barədə musavat.com-a Dağıstandakı mənbələrdən məlumat daxil olub. Mənbənin dediyinə görə, mitinqin Məhərrəmkənd rayonunun Samur kəndində keçirilməsi planlaşdırılır.

Aksiyaya səbəb isə Samur çayının düzgün bölüşdürülməməsi, ləzgilərin Azərbaycanda hüquqlarının pozulması barədə iddialardır. Mənbənin dediyinə görə, adətən bu tip şüarlarla çıxış edən "sadval"çılar aksiyada Dərbənd şəhərində Heydər Əliyev adına qoyulmuş küçənin adının ləğv olunmasını da mitinqdə tələb edəcəklər.

Xatırladaq ki, bu il may ayının 8-də Dərbənd Şəhər Şurasını Məclisinin 25-ci iclası keçirilib.

Mövsüm Rəhimovun sədrliyi ilə keçirilən iclasda şəhərin Sovetskaya küçəsinin adının Heydər Əliyev adına küçə ilə əvəzlənməsi müzakirə olunub.

Məclisdə çıxış edən Mövsüm Rəhimov Heydər Əliyevin Azərbaycan və Dağıstan arasında dostluğa verdiyi töhfələrdən danışıb və bu təklifi irəli sürüb. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib. Xatırladaq ki, adıgedən küçə Dərbəndin ən böyük küçəsidir.

Artıq Rusiyada yaşayan ləzgilərin Milli Mədəni Muxtariyyatının prezidenti Arif Kərimov ləzgi xalqına müraciət ünvanlayaraq şəhər Məclisinin bu addımını pisləyib və küçənin adının dəyişdirilməsinə qarşı çıxış edib. Məsələnin marqlı tərəfi odur ki, talış separatçısı kimi tanınan Fəxrəddin Abboszadə də flnka.ru-ya açıqlama verərək keçmiş Sovetskaya küçəsinin Heydər Əliyevin adıyla adlandırılmasını tənqid edib.

Mənbənin dediyinə görə, sadvalçılar keçirəcəkləri mitinqə ciddi hazırlaşırlar. Hətta Rusiyanın mərkəzi telekanallarının Dağıstan bürolarına da aksiyanı geniş işıqlandırılması ilə balı müraciət ediblər. Bundan başqa, ləzgilərin Dağıstanda kompakt yaşadığı rayonlarda kəndbəkənd gəzib xüsusi vərəqələr paylanır.

Mitinqin təşkilatçılarından biri, "Sadval"ın sədri Nazim Hacıyev, onun müavinləri Əmirxan Babayev və İkram Yəhayev isə Dərbənddə və Dərbənd rayonunun Bilici qəsəbəsində əhaliylə görüşlər keçirilər. Yeri gəlmişkən, xatırladaq ki, Sadval məhz Bilici qəsəbəsində elan edilib və onun ilk strukturları da bu qəsəbədə yaradılıb.

Mənbə deyir ki, mitinqlə bağlı xüsusi təbliğatçılar qrupu da yaradılıb, Onlar Dağıstanda yaşayan ləzgilərdən Azərbaycan ərazisində yaşayan qohumlarının da aksiyaya cəlb olunmasına çalışırlar.

Mitinqi aparacaq şəxsin kimliyi də bəllidir. B şəxs, daim Azərbaycana qarşı çıxışlarıyla məşhur Hacı Abulrəhimovdur.

AzNews.az