İlham Əliyev futbolla bağlı SƏRƏNCAM verdi

22 May 2013 16:55 (UTC+04:00)


Prezident İlham Əliyev 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı tədbirlər haqqında sərəncam verib. Sərəncamda qeyd olunur ki, Azərbaycanın artan beynəlxalq nüfuzu və idmana dövlət qayğısı sayəsində hər il ölkəmizdə beynəlxalq səviyyəli müxtəlif idman yarışları, o cümlədən dünya və Avropa çempionatları keçirilir. Belə yarışlar sırasında futbol xüsusi yer tutur. 17 yaşınadək qadınlar arasında futbol üzrə dünya çempionatının final mərhələsinin 2012-ci ildə Azərbaycanda keçirilməsi bunun bariz nümunəsidir:

"Respublikamızda futbolun inkişafı və təbliği məqsədi ilə 2020-ci ildə futbol üzrə Avropa çempionatının keçirilməsi üçün Bakı şəhərinin namizədliyi irəli sürülüb. Belə bir mötəbər yarışın Bakıda keçirilməsi Azərbaycanda futbolun daha da inkişafına və idman aləmində ölkəmizin nüfuzunun artmasına kömək edər.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 2020-ci ildə futbol üzrə Avropa çempionatını keçirmək üçün Bakı şəhərinin namizədliyinin irəli sürülməsi ilə bağlı qərara alıram:

1. 2020-ci ildə futbol üzrə Avropa çempionatının təşkil edilməsi ilə əlaqədar namizədliyin qəbul edilməsi proseduruna uyğun olaraq, Avropa Futbol Assosiasiyaları İttifaqına (UEFA) təqdim edilmək üçün sifariş kitabı hazırlansın.
2. Sifariş kitabının hazırlanması və bununla bağlı təşkilati işlərin görülməsi Azərbaycan Futbol Federasiyaları Assosiasiyasına (AFFA) həvalə olunsun.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

AzNews.az