Xəyanət ehtimalı olan nazirlər…

25 May 2013 22:16 (UTC+04:00)
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev müəllif yazısı ilə çıxış edib. AzNews.az həmin yazını təqdim edir.


Dünən Amerikanın ölkəmizdəki səfiri cənab Riçard Morninqstarın müxalifət nümayəndələri ilə görüşünü izlədim. Təbii, hər kəs kimi mətbuatdan və təfsilatsız. Görüş iştirakçısı olan kimsənin dilindən də kəlmə çıxmadı. Hamı da bir ağızdan"kişi söhbəti"olub, heç nə deyə bilmərik -kimi absurd bir açıqlama ilə kifayətləndi. Və deyim ki, şəxsən mənim üçün məsələnin ən çox maraq kəsb edən tərəfi də məhz bu məlum olayla kişilik arasında olan"həmrəylik "in nümayişi idi…

Və ya, dünyanın hansı bir yerində görünüb ki, səfir təmsil olunduğu ölkənin müxalifəti(həm də yalnız müxalifəti!)ilə SEPARAT görüşlərə qatılsın, hələ üstəlik diktə də eləmiş olsun ki, ağzınızı açmayın, söhbət mənlikdi, lazım olanda özüm danışacam? Harada var belə bir president? Çox yox, bircə ölkənin adını çəkə bilərlərmi? Kişiliyin görəsən hansı mərhələsidir- xalqın iradəsini ixtiyari bir ölkənin səfiri ilə müzakirə etmək, ondan nəsə ummaq?

Ümumiyyətlə, səfir hansı səlahiyyətin sahibidir ki, belə bir əlahiddəliyə qapılaraq prosesləri nəzarətə almağa çalışır, mövqe bildirir, proqnozlar, yönəldici təlimatlar verir? Bunu etməkdə məqsəd nədir? Bəs diplomatik protokolun göstərişləri, Beynəlxalq hüququn ana prinsipləri hara getdi?-İşinin dalıncamı?

Ya da, Azərbaycan müxalifətinin bəlli qismi fərqindədirmi ki, onların elədiyinin çox yox bir faizini Avropanın, dünyanın hansısa müxalif qüvvəsi etsə - tutaq ki, seçki öncəsi ixtiyarı bir səfirliyin ətrafında şübhəli şəkildə hərlənsə, onlara seçki məsələlərinin məsləhətini, müzakirəsini aparsa millət, xalq onları topa tutar, daşqalaq edər, anındaca alınlarına xəyanətkar damğasını vurar? Elə uzaq getməyək- qonşu Türkiyədə bu tipli məsələlərin hansı şəkildə cəmiyyətin, xalq kütlələrinin nəzarətinə götürüldüyünü və əgər belə bir şey baş verərsə ictimai rəydə nə kimi fırtınalar, rezonanslar doğura biləcəyindən xəbərdardırlarmı? Və ya, oxşar presidentin Rusiyada Prezident seçkiləri zamanı izlənməsi(müxalifətdəki oliqarxlar fövqəldövlətlərin bölgədəki təmsilçiləri ilə açıq təmasa cəhd etmiş və bir neçə məqamda bunu reallaşdıra bilmişdilər)və elə məhz bu səbəbdən qatı millətçi olan Putinin qeyri-adi sıçrayışla irəli atılıb qələbə qazanması kimi faktlar uzaq tarixin hekayətləri deyil axı…

Deyim ki, Morninqstarın bu davranışı mənə illər öncə Amerikanı ölkəmizdə təmsil edən digər səfir-Rino Harnışı xatırlatdı. O da 2005-in Parlament seçkiləri öncəsi eyni qaydada aktivləşib az qala 3-cü qüvvə kimi Azərbaycan siyasətində təmsil olunmaq həvəsinə düşmüşdü. Hansı qəzeti açırdın ordan çıxırdı, hansı telekanala gedirdin, üzbə üzündə peyda olurdu. Çıxışlarında və hərəkətlərində də elə bir tərz almışdı ki, kənardan baxan biri bu adamın siyasətçi yoxsa səfir olduğuna əsla qərar verə bilməzdi. Çox güman ki, o dönəmlər Azərbaycanın radikal müxalifətinin narıncı köynəklərə bürünüb, Buşun şəklləriini sinələri üstə almaları da eyni səbəblə bağlı idi. Və, illər öncə baş verən hadisələrlə bağlı söylədiyim fikirlər heç də ittiham anlamına gəlməsin. Səfir o zamanlar bəlkə də demokratiya havasına girərək sadəcə öz səlahiyyətlərini aşmışdı. Amma Azərbaycan müxalifətinin anladığı və təsiri altına düşdüyü məqamlar haqqda eyni fikirləri söyləyə bilmərəm. Və ya belə deyək, onlara elə gəlirdi ki, səfirin bu şəkildə aktivliyi yalnız və yalnız mötəbər bir qərarın, ciddi dəstəyin mövcudluğu ilə bağlı ola bilər. Hətta xatırlayırsınızsa, məlum zaman kəsiyində elə bir durum yarandı ki, hakimiyyət içindəki ayağı sürüşkənlər belə müxalifətin icra etdiyi və şeytan bilir müəllifi kim olan oyuna rahat bir şəkildə gətirilə bildi. Xəyanət ehtimalı olan nazirlər, gözləntiləri "doğrultdu". Amma nəticə? Nəticə oldumu? İnqilab edə bildilərmi? - Edə bilmədilər təbii. Narıncı inqilabların estafeti Bakı sərhədlərindəcə dayanmağa məhkum oldu. Daha növbəti mərhələyə adlaya bilmədi. Bilirsinizmi niyə? - Çünki dövlət yerində, proseslər nəzarətdə idi. Və əmin olun ki, bu gün də belədir. Azərbaycanın mövcud hakimiyyətinin monolit komandası var. Düzdür, növbəti xəyanətlərdən və xəyanətkarlardan sığortalandığımızı kimsə söyləyə bilməz.

Amma nə qədər ki, Azərbaycan dövlətçiliyi etibarlı sütunların üzərindədir, nə qədər ki onun başında İlham Əliyev kimi lider var, üzərimizə gələn bütün zərbələr və məkrli planlar beşiyindəcə boğulacaq. Buna kimsənin şübhəsi olmasın…

AzNews.az