Allah şeytana lənət eləsin!

28 May 2013 15:59 (UTC+04:00)
Elxan Şahinoğlu


Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadənin İrana səfəri zamanı Azərbaycan nümayəndə heyətinin iranlı rəsmilərlə görüşündə bir fikir xüsusilə fərqlənirdi: "Aramıza şeytan girib".

Bu fikri İran tərəfi səsləndirir, Azərbaycan tərəfi isə razılıqla təsdiqləyirdi.

Söhbət hansı şeytandan gedir? Buna aydınlıq gətirməyə çalışaq. İranın illərdir şeytan adlandırdığı nəsnə bəllidir: Amerika və İsrail. Əgər iranlı rəsmilər və din xadimləri azərbaycanlı həmkarlarıyla görüşdə bu "iki şeytana" eyham vururdularsa, Amerika və İsrail Azərbaycanın strateji tərəfdaşlarıdır. Vaşinqton və Tel-Əviv Bakı ilə enerji və təhlükəsizlik sahəsində əməkdaşlıq edir. Azərbaycan başqa ölkələrdən ala bilmədiyi modern silahları İsraildən alır və bu ölkəyə neft ixrac edir. Bu izdivac hər iki dövlətin xeyrinədir.

Tehranın Amerika ilə İsraili niyə şeytan adlandırdığı bəllidir. Tehranda səfərdə olan Azərbaycan nümayəndə heyəti Amerika və İsrailin "şeytanlığını" qəbul edibmi, bu da cavabını gözləyən bir başqa sualdır.

Əslində Tehranda "şeytanın" kimliyi ətrafında konkret müzakirə aparılmadığından, ad çəkilmədiyindən Azərbaycan tərəfi şeytan kimi Ermənistanı nəzərdə tuta bilərdi. Yəni əgər Tehranın gözündə İran-Azərbaycan münasibətlərini pozmaq istəyən şeytan Amerika və İsraildirsə, Bakının gözündə Azərbaycan-İran münasibətlərini pozmaq istəyən şeytan işğalçı Ermənistandır.

Beləliklə, İranla Azərbaycanın fərqli maraqları olduğu kimi şeytanları da fərqlidir. Allah həqiqi şeytana lənət eləsin! Görəsən, "iki vətəndaşınızı azad edəcəyik" deyib şeyximizi nəvazişlə geri yola salan, ancaq ardından məsələni uzadan siyasətə nə ad verək? Burda da şeytan əməli varmı?

Bu arada, şeytan Suriyanı da qarışdırıb, qardaş və müsəlman qırğını davam edir.
Bir neçə gün öncə gecə gəzintisi zamanı yolda tanımadığım bir vətəndaş mənə yaxınlaşdı:

- Siz politoloq deyilsiz?

Tanımadığım vətəndaşın sualına müsbət cavab verdikdən sonra iradlarını bildirməyə başladı:

- Sizin Suriya ilə bağlı şərhlərinizlə razı deyiləm. Suriyanı vəhabilər qarışdırıb, Qərb də onlara dəstək verir.

"Bəs Livanın "Hizbullah" təşkilatı Suriyada nə işlə məşğuldur" sualıma yenicə tanış olduğum vətəndaş hazırcavablığını nümayiş etdirməyə çalışdı:

- Necə ki, NATO-nun 5-ci maddəsinə görə üzv dövlətə qarşı hücum bütün üzv dövlətlərə qarşı hücum kimi nəzərdə tutulduğundan və həmin dövlət müdafiə olunduğundan "Hizbullah" təşkilatı və İran da Suriyadakı hakimiyyətin müdafiəsinə qalxıb.

Vətəndaşa Suriyada silahlı toqquşmalardan öncəki durumu xatırlatdım.
Dedim ki, insanlar küçə yürüşlərinə çıxıb istəklərini bilidirərəkən, Əsəd rejimi onları gülləbaran etməsəydi, uşaq, yaşlı və qadınların qanını tökməsəydi, bu gün bu ölkədə durum fərqli olardı. Əsəd siyasi islahatlara qapı açsaydı, Suriyada vətəndaş müharibəsindən qurtulmaq olardı. Ancaq avtoritar rejim buna getmədi və xalqının üzərinə ordunu göndərdi. Nəticəsi göz qabağındadır.

Mən danışdıqca, vətəndaş söhbəti yenə radikal vəhabilərə gətirir, onların neytrallaşdırılması zərurətindən danışırdı. Yəni o Əsədin cinayətlərini vəhabilərə qarşı mübarizə ilə ört-basdır etməyə çalışırdı.

Ancaq vətəndaşı yenə anlatmağa çalışdım ki, Suriyada narazılıq baş qaldırdıqda hələ radikal vəhabi qruplar orada yox idi. İndi isə həqiqətən aləm bir-birinə qarışıb, hər iki tərəfdən terrorçu qruplar savaşır və müharibə məzhəb mahiyyəti daşımağa başlayıb.

Vətəndaşla fikir mübadiləsinin ən maraqlı hissəsi sonluq idi: "Məktəbdə müəlliməm, mənimlə bu mövzuda söhbət etdyinizi bir başqa yerdə xatırlamamanızı xahiş edirəm. Problem istəmirəm".

Müəllimin xahişini yerə salmadım. Bu yazıda onun kimliyini açmadım. Ancaq onunla ayrıldıqdan sonra fikir məni bürüdü: Bir ölkənin vətəndaşı başqa bir ölkənin daxili məsələlərini, kimin haqlı olub-olmadığını rahatlıqla müzakirə edir, bu halda isminin xatırladılmasını, öz sözləriylə desək problem istəmir. Bu istək bir başqa problemin görsənişidir...

AzNews.az