Təhsil Nazirliyində kadr böhranı- Siyahı

29 May 2013 08:23 (UTC+04:00)



Yeni nazirin müvafiq əmrləri ilə Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev, İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Təranə Hacıyeva, nazir köməkçisi
Rasim Süleymanov tutduqları vəzifələrdən çıxarılıblar.

Eyni zamanda Nazirliyin aparatında aparılan struktur dəyişikliyi nəticəsində Akkreditasiya şöbəsi və Monitorinq və qiymətləndirmə şöbəsi ləğv edilərək əvəzində Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsi yaradılıb.
Bundan başqa, Nazirlikdə daxili nəzarət sisteminin yaradılması, təhsil sahəsində korrupsiya halları ilə mübarizənin gücləndirilməsi, Nazirliyin "Qaynar xətt"inə daxil olan məlumatlarla əlaqədar operativ tədbirlərin görülməsi, habelə struktur bölmələrinin tabeçiliyinin düzgün müəyyənləşdirilməsi və funksional ixtisaslaşmanın təmin edilməsi məqsədi ilə Daxili nəzarət şöbəsi yaradılıb və "Qaynar xətt" xidməti həmin şöbənin tabeliyinə verilib.
Nazir Mikayıl Cabbarovun yeni yaratdığı daha bir şöbə isə Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsidir.

Modern.az saytı Təhsil Nazirliyinə sorğu ilə müraciət edərək, yeni yaradılan şöbələrin rəhbərliyinə və boşalan vəzifələrə təyinat olub-olmadığını dəqiqləşdirməyə çalışıb. Belə məlum olub ki, hazırda nazirin köməkçisi, Lisenziyalaşdırma və təhsilin keyfiyyətinə nəzarət şöbəsinin müdiri, Daxili nəzarət şöbəsinin müdiri, İqtisadiyyat şöbəsinin müdiri, Tələbə mübadiləsi və təhsilin inkişafı proqramları şöbəsinin müdiri vəzifələri boşdur.

Bundan başqa, Təhsil Nazirliyində daha iki nazir müavini postu da uzun müddətdir boşdur və onlara yeni təyinat olmayıb. Xatırladaq ki, 2011-ci il sentyabrın 19-da təhsil nazirinin sabiq müavinləri İsgəndər İsgəndərov, Elmar Qasımov və İradə Hüseynova tutduqları vəzifələrdən azad ediliblər. Sonradan ölkə başçısının sərəncamı ilə Qulu Novruzov nazir müavini vəzifəsinə təyin olundu, amma digər iki yüksək posta təyinat hələ ki gerçəkləşməyib. (modern.az)

AzNews.az