“Mübariz Mənsimovla oturub danışacağıq”- MÜSAHİBƏ

29 May 2013 11:32 (UTC+04:00)




- Bakıya növbəti səfərinizdə məqsəd nədir?

- Bura "Xəzər Lənkəran" klubunun sahibi Mübariz Mənsimovun dəvəti ilə gəldik. Gün ərzində bərabər idik. Daha sonra bu klub üçün önəmli olan "Neftçi" ilə Azərbaycan Kubokunun final matçını birgə izlədik. Türkiyə Futbol Federasiyasının vitse-prezidenti Sərvət Yardımcı və keçmiş futbolçu Rıdvan Dilmənlə birgə bura qonaq gəlmişik.

- Türkiyə mətbuatının xəbərinə görə, siz burda idman məktəbi açacaqsınız...

- Birgə yemək yediyimiz vaxt Mübariz bəy Azərbaycanda idman məktəbi açmaq, xüsusən qapıçı hazırlığı ilə bağlı bəzi layihələrinin olduğunu və bizlərə də vəzifə verilməsinin mümkünlüyünə dair fikirlər səsləndirdi. Biz də bu məsələləri oturub danışacağımızı dedi. Yaxın vaxtlarda belə bir layihəni həyata keçirəcəyik. Bu, Mübariz bəyin düşüncəsidir. Hazırda plan qurulur. Oturub danışaraq, plan qurduqdan sonra bu işi həyata keçirəcəyik.

- Başqa planlarınız var?

- Yox, elə bir şey yoxdur. Biz bura dəvətlə gəldik. Mübariz bəy üçün vacib matç idi. Həm də o, sevdiyimiz bir insandır. "Yanında olaq" dedik. Artıq bu gecə (dünən – red.) Türkiyəyə qayıdacağıq.

- "Atletiko"nun "Bakı" ilə oyununu izlədiniz. İndi isə kubokun finalına baxdınız. Azərbaycan futbolu haqda düşüncələriniz necədir?

- Açıq danışsaq, Avropa futbolu ilə müqayisədə geridəsiniz. Ancaq yatırılan sərmayəyə, bu idman növünə verilən önəmi gördükcə, Azərbaycan futbolunun çox böyük, daha irəli mövqelərə gedə biləcəyini söyləyə bilərik. Həm AFFA, həm də klubların prezidentləri xüsusən aşağı yaş qruplarına diqqət ayrılması məsələsində böyük işlər görürlər. Çox yaxşı məşqçilərlə yaxın illərdə çox fərqli Azərbaycan futbolu izləyə bilərik.

- Əyninizə "Xəzər Lənkəran"ın formasını geyinmisiniz. Söyləmək olarmı ki, siz bu oyunda cənublulara azarkeşlik edirsiniz?

- Bu, Mübariz bəyin komandası olduğu üçün və onun dəvəti ilə gəldiyimizdən, əynimizə "Xəzər Lənkəran" formasını geyindik. Forma mənim xoşuma da gəldi. Komandası qalib gələrsə, biz də həm ona, həm də özümüzə görə sevinəcəyik.

- Yaxınlarda da ölkəmizə gəlmişdiniz. İki səfərin nəticəsində hansı təəssüratlarla Türkiyəyə qayıdırsınız?

- Əslində Azərbaycan əhali baxımından çox böyük ölkə deyil. Ancaq bunu da deyim ki, kubok finalı kimi əhəmiyyətli matçı daha çox azarkeşin izləyəcəyini gözləyirdim. Belə oyunlarda adətən gördüyümüz izdihamı burada görmürük. Ən azından Türkiyə millisi ilə Bakıya gələrkən çoxlu tamaşaçını tribunalarda görmüşdüm. Düşünürəm ki, belə matçlara azarkeşlərin marağı artmalıdır.

- Sizi nə vaxtsa məşqçi kimi görə biləcəyik?

- Mən məşqçi işləmək haqda düşünmürəm. Mən futbola idarəetmə sahəsində xidmət etmək istəyirəm. Bütün çalışmalarım da bu istiqamətdədir.

AzNews.az