Prezident seçkilərində nə qədər səs verəcək? – RƏSMİ RƏQƏM

29 May 2013 14:44 (UTC+04:00)


Mayın 29-da Mərkəzi Seçki Komissiyasının üzvləri və kütləvi informasiya vasitələrinin nümayəndələri Mərkəzi Seçki Komissiyası Katibliyinin İnformasiya Mərkəzində ölkə üzrə vahid seçicilər siyahısının yenidən tərtib edilmiş variantı ilə tanış olublar.

Bu barədə Aznews.az-a MSK-nın mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, dəqiqləşdirmə aparılaraq DSK-lara qaytarılacaq seçici siyahılarının çap prosesi və saxlanma şəraiti ilə tanış olan Komissiya üzvlərinin və KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, vahid seçicilər siyahısının tərtib edilməsi dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə həyata keçirilib.

Bundan əlavə, siyahılarının çap prosesi ilə bağlı bir sıra texniki yeniliklər edilmiş və mövcud emal proqramı yenilənib.
Sonra Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

İclasda Azərbaycan Respublikası üzrə seçicilərin daimi siyahısının tərtibinə dair məsələ müzakirə olunub. Mərkəzi Seçki Komissiyasının sədri bildirib ki, seçicilərin daimi siyahısı yanvar ayından başlayaraq məntəqə seçki komissiyaları tərəfindən müvafiq seçki məntəqələri üzrə yenidən tərtib edilərək fevralın 5-dək dairə seçki komissiyalarına verilib. DSK-lar isə seçki dairələri üzrə yenidən tərtib edilmiş seçici siyahılarını aprelin 5-dək Mərkəzi Seçki Komissiyasına təhvil veriblər. Komissiyanın sədri qeyd edib ki, seçici siyahılarının dəqiqləşdirilməsi prosesində Respublika Daxili İşlər və Ədliyyə Nazirliklərinin müvafiq yerli qurumları, yerli icra hakimiyyəti orqanları və bələdiyyələr seçki komissiyalarına lazımi köməklik göstəriblər.

Aprelin 5-dən etibarən Azərbaycan Respublikası üzrə seçicilərin siyahısı Mərkəzi Seçki Komissiyası tərəfindən dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə yenidən dəqiqləşdirilərək yenidən tərtib edilib. İlin əvvəlindən başlayaraq davamlı olaraq aparılan bu irimiqyaslı proses artıq yekunlaşıb.

Bu günə olan məlumata görə, ölkə üzrə vahid seçicilər siyahısında 4 986 296 nəfər seçicinin adı var ki, onlardan 49. 40 faizi qadın, 50.60 faizi isə kişilərdir. İlk dəfə səsvermə hüququ əldə edən seçicilərin sayı isə 113 977 nəfərdir.

Sonra Mərkəzi Seçki Komissiyasının üzvləri daimi seçici siyahılarının yenidən tərtib edilməsi, təsdiq olunması və ictimailəşdirilməsi barədə qərarın layihəsi ilə tanış olublar. Komissiya qərara alıb ki, cari ilin daimi seçici siyahılarının tərtib edilməsi və dəqiqləşdirilməsi işi başa çatmış hesab edilərək siyahılar məntəqə seçki komissiyaları tərəfindən təsdiq edilməsi üçün müvafiq dairə seçki komissiyalarına göndərilsin. MSK respublika üzrə seçicilərin daimi siyahısının dövlət avtomatlaşdırılmış informasiya sistemi vasitəsilə tərtib olunaraq Mərkəzi Seçki Komissiyasının internet saytında yerləşdirməklə ictimailəşdirilməsi barədə qərar qəbul edib.
İclasda bəzi seçki dairələri dairə seçki komissiyalarının tərkibində dəyişikliklər edib.

Komissiyanın iclasında beynəlxalq qurumların, respublikamızdakı xarici ölkə səfirliklərinin təmsilçiləri və kütləvi informasiya vasitələrinin nümayəndələri də iştirak ediblər.

Anar
AzNews.az