Millət vəkili Aygün Kazımovaya “getmə” dedi

29 May 2013 15:55 (UTC+04:00)
Xalq artisti Aygün Kazımova verdiyi son açıqlamada da Azərbaycanı birdəfəlik tərk etmək niyyətindən vaz keçmədiyini bildirib. Onun bu qərarı isə müxtəlif reaksiyalar doğurmaqdadır.

Milli Məclisin Mədəniyyət Komisiyasının sədri Nizami Cəfərov məsələylə bağlı AzNews.az-a açıqlamasında bildirdi ki, Aygün Kazımovanın Azərbaycandan getməyə haqqı yoxdur:

"Aygün Kazımova yaxşı layihələrlə məşğuldur. Böyük işlər görülür. Gərək bu işə görə Aygün xanıma bizim iş adamlarımız kömək etsinlər. Amma bu əsas vermir ki, Aygün Kazımova harasa getsin. Sənətkar həmişə kövrək, hissiyyatlı olur. Düşünmürəm o, harasa getməlidir. Çalışıb işini görsün. Sözün düzü, mən inanmıram ki, Aygün gərçəkdən vətəni tərk etsin. O, vətənlə nəfəs alan adamdı".

Millət vəkili A.Kazımovanın "Allah sizə kömək olsun, ölülər" fikrinə də münasibət bildirib: "Görünür, bu da emosianallıqdan irəli gəlib. Azərbaycanda Aygün xanımı sevirlər, dövlət səviyyəsində də hörməti var. Aygün xanım, küsmək olmaz. Heç bir sənətkarın Azərbaycanı tərk etməyə ixtiyarı çatmır. Çünki burada sənət adamlarına edilən diqqət dünyanın heç bir ölkəsində yoxdur".

Bahar Rüstəmli
AzNews.az