Qadınlar seçkilərə hazırlaşır

30 May 2013 09:08 (UTC+04:00)
"Qadın və Müasir Dünya" Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında QHТ Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Region qadınlarının ictimai fəallığının artırılması və seckilərdə iştirakının gücləndirilməsi üzrə tədris proqramı" layihəsinin tətbiqinə başlayıb. Bu barədə mərkəzin rəhbəri Südabə Şirəliyeva məlumat verib.

4 ay ərzində regionlarda yaşayan qadınların demokratik cəmiyyət quruculuğunda və ictimai həyatda aktivləşməsi, gender mədəniyyətinin artırılması və regionlarda qadınların inkişafına dair məlumatlandırılması kompaniyası keçiriləcək.

Layihə çərçivəsində regionlarda yaşayan seçkilərdə iştirak edəcək qadın və qızlar üçün informasiya – treninq tədris proqrami təşkil ediləcək.
S. Şirəliyeva deyib ki, layihə çərçivəsində potensial treninq iştirakçılarını seçmək üçün region qadınları ilə görüşlər başlayıb.

Görüşlər Şamaxı, Qobustan, Ağsu rayonlarını əhatə edir: "Region qadınlarının internətə çıxışları və informasiya mənbələri ilə tanışlıqları zəif və ya heç olmadığından görüşlərdə bunlar nəzərə alınmaqla qadınların cəmiyyətə daha aktiv inteqrasiyası üçün fəal söhbətlər aparılacaq. Eyni zamanda onların ictimai həyatda fəallığı, təşkilatçılığı, işlədikləri sahələrdə müasir elmi biliklərin tədbiqi də nəzərə alınacaq. Əsas məqsədimiz qadınlarda özlərinə inam hissini aşılamaq, region qadınlarının özlərini cəmiyyətin tam üzvü kimi hiss etdirməkdir. Onlar bütün məsuliyyəti ilə dərk etməlidirlər ki, seçki prosesinin nəticələri onların seçkilərdə fəal iştirakından asılıdır. Seçkinin nəticəsi də onların maraq və istəklərinə uyğun olaraq reallaşa bilər".

Elnarə
AzNews.az