Lənkəran ictimaiyyəti İlham Əliyevə müraciət edəcək

31 May 2013 08:50 (UTC+04:00)
Lənkəran ictimaiyyəti ölkə başçısı İlham Əliyevə müraciət etməyə hazırlaşır.

"Xəzər Lənkəran"ın fanatlarına məxsus olan 12cioyuncu.info saytında verilən məlumata görə, müraciətdə aşağıdakı məsələlər qeyd olunacaq:

"Neftçi" klubunun son üç ildə "Bakı", "Qarabağ" və "Xəzər Lənkəran" klublarının futbolçularının döyülməsini təşkil etdirdiyini, klub prezidenti Sadıq Sadıqovun pərdə arxası oyunlara getməklə hakimlərə zor və güc hesabına komandasının qələbələrinin təmin edilməsinə şərait yaratması yer alacaq. Buna sübut kimi müraciətdə "Bakı"nın futbolçusu İbrahim Karqbo və Elvin Əliyevin, o cümlədən "Xəzər Lənkəran"ın futbolçusu Kamran Abdullazadənin "Neftçi"nin rəisi Güloğlan Cabbarov tərəfindən döyülməsini əks etdirən foto və video kadrlar əlavə olunacaq. Müraciətdə cənab İlham Əliyevin idmanın inkişafına yürütdüyü siyasətin əleyhinə çıxan Sadıq Sadıqovun və PFL prezidenti Ramin Musayevin vəzifələrindən azad olunması, "Neftçi"nin rəisi Güloğlan Cabbarovun və Azərbaycan kubokunun finalında baş verən iğtişaşda yer alan digər klub nümayəndələrinin haqqında həbs qəti imkan tədbirinin seçilməsi xahiş olunacaq".

Müraciətə ziyalıların, şəhid ailələrinin və cənub bölgəsinin futbol ictimaiyyətinin qoşulacağı gözlənilir.

AzNews.az