Bu adam yeyənlərlə dövlət necə mübarizə aparsın?

31 May 2013 09:14 (UTC+04:00)



Müqayisə üçün nə yaxşı ki, sovet dövrü var. Hə təzə bir zad gördüm, mütləq onu o zamanla tutuşdururam. Bu gün qidadan danışacam. İnsanları imtahan edən çörəkdən yox. Nə yediyimizdən.

Sovet vaxtı dükanlar bomboş idi. Amma pul vardı . Sonra keçid dövrü oldu. O dövrdə, dükanlar ağzına qədər doldurulsa da, pul olmadı. İndi şükür ki, pul da var. Dükanlarda da nə desən var. Amma adam aldığı qidaya güvənmir. Və nə yediyini dəqiq bilmir. Çünki dükanlarda olan qida məhsullarının harda, necə, necəyə və niyə istehsal olunması heç kəsə bəlli deyil. Və heç kəs bu qidadan zəhərlənəndən sonra, istehlakçının maraqlarına görə, zəhərli qida istehsal edən hər hansı bir qida şirkətini bağlatmır. Çünki qidada gəlir var.

Sümüklü ətin kilosu bazarda orta hesabla 8 manatdır. Kolbasa var ki, kilosu 4 manatdır. İndi bu kolbasanın içində sizcə ət ola bilərmi? Orda ət yoxdursa, bəs görəsən nə var? Və nə varsa, o, kolbasanın üstündə dəqiqi yazılıbmı? Süd, xama, kəsmik, bütün şirin məmulatlar, meyvə tərəvəzə qədər kimyəvi ürünlərlə süstlənib. Şəkər əvəzinə qidada saxarindən istifadə olunur. Çörəyi yaradan maya belə bu gün şübhəlidir. Bu gün bir çoxları nə yediyini bilməsə də, keyfiyyətinə baxmadan yeyir. Çünki başqası yoxdur. Nə yesin? Bir-birimizi də yeməyə mən qoymuram. Amma belə pul yemək olmaz axı. Söhbət millətin sağlamlığından, dövlətin nüfuzundan və ümumiyyətlə gələcəkdə var olub olmamağımızdan gedir. Bu gün bizi bir başa öldürməyən qida, elə bilməyin ki, zaman-zaman zəiflətmir. Avropanın ən nüfuzlu sorğu agentliklərindən biri olan, "Life" reytinq şirkəti orta statistik avropalının gün ərzində 236 qram kimyəvi qida qəbul etdiyin deyir. Bu kimyəvi qida, insanın geninə, şüuruna, cinsi fərqinə qədər təsir edir. Yəni siz özünüz də bilmədən, illərlə yediyiniz nəyə görəsə kişidən arvada, arvaddan isə kişiyə belə çevrilə bilərsiz. Hanı bizim o ağ turpumuz? Turp heç zaman kişini arvad eləmirdi. Son vaxtlar genetik kodu dəyişdirilmiş toxum istehsal edən Amerika şirkətlərinin toxumlarını Avropa ölkələri daha almır.

Biz necə, alırıqmı? Son vaxtlar Xəzərdə 3,4 kiloluq bala nərə balıqları əmələ gəlib. Çinlilər kimi bir boydadır, kağız dadı verir. Balığın dadı da dəyişib, ay kişi. Azərbaycanda artan onkoloji xəstəliklərin əsas səbəblərindən biri, zərərli qidalardır. Ekoloji böhran, stress, gələcəyə ümidsizlikdən yaranmış depressiv vəziyyətlə bərabər, zərərli qida bütün dünyada insanları bir bioloji növ olaraq yox edən ən mühüm bir zərər kimi tanınsa da, yenə insan canı ilə alver edən qida işbazları, insanları zəhərləməkdədir. Avropa Birliyinin 2010-cu ildə qəbul etdiyi və birliyinə daxil olan bütün ölkələrdə işlək olan qida təhlükəsizliyi haqqında qanunda açıq aydın yazılıb ki, geni dəyişdirilmiş məhsulların tərkibi, sıfır tam onda doqquz faizi keçirsə, bu, məlumat mütləq həmin məhsulun üzərində qeyd olunmalıdır. Olunurmu? Mən görməmişəm ki, geni və ölçüsü göz görə-görə dəyişdirilmiş, xaricdən bura daşınmış və ya artıq burda gəlmə və xəstə toxumlarla becərdilmiş Afrika meyvələrinin üstündə puldan savayı nəsə yazılsın.

Bu gün Azərbaycanda vaxtı ötmüş, keyfiyyəti şübhəli, harada hazırlandığı naməlum olan qida məhsullarını təftiş edən, qidanın əhaliyə saf və keyfiyyətli tərzdə çatdırılmasına nəzarət edən təşkilatlar var. Bu təşkilatların özlərinin də qida satışı ilə məşğul olub-olmamasını isə heç kəs bilmir. Birdə görürsən, kimi isə ifşa elədilər. Sabah həmin adam başqa bir adla həmin məhsulu yenə də istehsal edir. Və ya bir başqası ondan da keyfiyyətsiz olan həmin məhsulu yenə həmin adla istehsal edir. Hər iki halda cəzalanan istehlakçıdır, istehsalçı deyil. Son dövrün əxlaqı da buna imkan verir. Mən salim olum çümlə cahan batsa da, batsın deyən azmı adam gördünüz?! İndi öz aramızdır, bu adam yeyənlərlə dövlət necə mübarizə aparsın? Mən dəfələrlə eşitmişəm ki, ən yüksək səviyyədə bu məsələnin düzəlməsi üçün göstərişlər verilib. Azərbaycan kimi gəlirli bir ölkə maldarlıqla məşğul ola bilməz deyirsiz?

Elə olar ki. Bu sahəyə ayrılan pullar peşəkar çobanlara çatsa, ətin qiyməti və keyfiyyəti deyirsiz dəyişməz? Ətliyi ətlik, südlüyü südlük keyfiyyəti artmaz?.. Maldarlığın inkişafı, ağartı məhsullarının sənayeləşməsi, saf bostan bitgilərinin keyfiyyətli şəklidə artırılması yeni iş deyilmi? Bu artım həm də yeni iş yerləri deməkdir. Bu da sənə kolbasa... Bağlantını gördünüz? Ölkənin mal qarası azad şəklidə təmiz ot otlayıb artarsa, kolbasası da keyfiyyətli olar. Gərək elə hamı bank işçisi olsun? Gərək elə hamı şəhərə gəlib, "Moyka" açsın və ya ingilis dili öyrənib, alban mühəndisin dayəsi olsun? Qida milli sərvətdir. Millətin gələcəyini müəyyən edən strateji məhsuldur. Qida mütləq dövlətin nəzarətində olmalıdır ki, gələcək nəsillərin sağlamlığına əngəl törədilməsin. Nə yediyini bilən millət, nə etdiyini də dəqiq bilər.

Deyirsiz, pəhriz saxlamaq da olar. Olar e.., amma gərək pəhriz də sağlam ola... Bizim pəhrizimizdən də mən nədənsə şübhələnirəm. Mənə elə gəlir ki, o pəhrizi də bura kimsə gətirib. Və o pəhriz də kimyəvidir....