Bakıda Beynəlxalq Gələcək Forumu keçiriləcək

2 İyun 2013 12:50 (UTC+04:00)
Sabah 3 iyun tarixində Bakıda Azərbaycan Futuroloqlar Cəmiyyəti və "Minilliyin layihəsi"nin Azərbaycan bölməsi tərəfindən təşkil olunan 1-ci Beynəlxalq Bakı Gələcək Forumu keçiriləcək.

Forumda "NASA", ABŞ Milli Elmi Fondu, "Google", Silikon vadisinin Sinqulyariti Universiteti, Rusiya Elmlər Akademiyası, Çin Sosial Elmlər Akademiyası, Rokki-Maunteyn İnstitutunun ekspertlərinin və digər tanınmış beynəlxalq ekspertlərin çıxışları dinləniləcək.

Forumun işində həmçinin Çernoqoriyanın Elm və texnologiyalar naziri, bir çox beynəlxalq və azərbaycanlı mütəxəssislər, rəsmi nümayəndələr iştirak edəcək. Forumda xarici iştirakçıları bu dövlətlər təmsil edəcək:

ABŞ, Kanada, Meksika, Venesuela, Uruqvay, Braziliya, Çili, Finlandiya, Çernoqoriya, Sloveniya, Rumıniya, Polşa, Çexiya, Rusiya, Fransa, Almaniya, İspaniya, Belçika, Böyük Britaniya, Hindistan, Cənubi Koreya, Çin, İsrail, Türkiyə, İran, Misir, Keniya, CAR. Forumda təqdim ediləcək yeni texnologiyalardan biri Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək Qoloqrafik Prezentasiyadır.

Forum çərçivəsində həmçinin, "3D Printer" də sərgilənəcək ki, bu da Azərbaycanda bu gün üçün printer texnologiyası baxımından yenilikdir.

Bakı Forumuna Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Prezidenti yanında Strateji Tədqiqatlar Mərkəzi və Azərbaycan Dövlət İqtisad Universiteti dəstək verir.//anspress//

AzNews.az