“Xəzər Lənkəran” rəsmisi Babək Quliyevin istefasından danışdı

3 İyun 2013 13:31 (UTC+04:00)
Son günlərdə "Xəzər Lənkəran"ın Babək Quliyevlə yollarını ayırması idman gündəminin əsas mövzularındandır. Klubun rəsmi mövqeyi belədir ki, Quliyev Toşakın onunla işləmək istəməməsi səbəbiylə işdən azad olunub.

Ancaq bu arqument şübhələri dağıdacaq gücdə olmadı, çünki baş məşqçinin klub idarəçilərdən birini işdən azad etdirməsi elə də "asan udulacaq" məlumat deyil. Məsələni aydınlaşdırmaq üçün klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu ilə əlaqə saxladıq. O, Babək Quliyevin Toşakın istəyi ilə qovulması arqumenti haqqında danışmaq istəməyib bildirdi ki, Babək Quliyev 1 gün əvvəl istefa ərizəsini yazıb və növbəti gündə rəhbərlik tərəfindən bu ərizə qəbul edilib. Toşakın idman direktoru ilə niyə çalışmaq istəmədiyini isə aydınlaşdıra bilmədik. Klub rəsmisi bu haqda danışmadı.

H. Cəbrayıloğlu: "Babək Quliyev 1 gün əvvəl ərizəsini yazmışdı, qərara gəldik ki, məsələyə daha sonra baxaq. Fikirləşdik ki, o, əsəbi olduğu üçün bu addımı atıb. Növbəti gün rəhbərlik onun istefa ərizəsini qəbul etdi. Mətbuata bundan artıq məlumat verilmir".

Cəbrayıloğlu həmçinin əlavə etdi ki, yeni kadr islahatları gözlənilmir və idman direktoru vəzifəsinə namizəd hələ ki, yoxdur.

Hüseyn bəy klubun transfer planı barədə sualımızı da cavabladırdı. O, bildirdi ki, XL yay toplanışı başlayana qədər bir çox futbolçuları transfer etmək istəyir və bunun üçün baş məşqçi Toşakın hazırladığı xüsusi siyahı var.

Elvin
AzNews.az