Borçalıda xalçaçılıq sənəti üzrə ustad dərsləri keçirildi

4 İyun 2013 21:18 (UTC+04:00)
Bu gün Marneulidəki "Çay Evi"ndə ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi və Marneuli Gənclər Mərkəzinin təşkilatçılığı ilə "İncəsənət uşaqlardan başlayır" layihəsi çərçivəsində xalçaçılıq sənəti üzrə ustad dərsləri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə layihə meneceri Emin Əhmədov məlumat verib.

"Layihənin əsas məqsədi xalq sənətini öyrənməkdə istedadlı gənclərə dəstək olmaq, gənclərin üzə çıxmasına, xalçaçılıq sənətinin sirlərinə yiyələnməkdə kömək etmək və bu qədim sənəti azərbaycanlıların kompakt yaşadığı Borçalı bölgəsində inkişaf etdirmək və yaşatmaqdır".

E. Əhmədovun məlumatına görə, xalçaçılıq sənəti üzrə ustad dərsləri keçmək üçün Bakıdan "Azər-İlmə" MMC-nin peşəkar toxucusu Naibə Kərimova dəvət olunub. Peşəkar toxucu N. Kərimova "Çay Evi"ndə fəaliyyət göstərən 15 nəfərdən ibarət xalçaçılıq kursunun üzvlərinə 10 gün ustad dərsləri keçəcək. Layihə çərçivəsində incəsənətin digər növləri üzrə də ustad dərsləri keçmək üçün təcrübəli mütəxəssislər də dəvət olunacaq", E. Əhmədov bildirib.

AzNews.az