“Azərbaycan gələcəkdə aparıcı mövqeyə malik olacaq“

5 İyun 2013 10:10 (UTC+04:00)
Roland Kobia: "Transxəzər boru kəmərinin tikintisi üçün Azərbaycan və Türkmənistanla danışıqları davam etdirəcəyik"

"Hazırda Avropa neftə olan ehtiyacının 5%-ni Azərbaycanın hesabına təmin edir. Rusiya və Norveçdən sonra Azərbaycan və Qazaxıstan Avropa bazarlarını enerji ehtiyatları ilə təmin edən əsas təchizatçılardır".

Bu sözləri Xəzər neft-qaz konfransında çıxış edən Avropa Birliyinin Azərbaycan nümayəndəliyinin rəhbəri Roland Kobia deyib. O, əmin olduğunu bildirib ki, Azərbaycan gələcəkdə Avropaya qaz ixracatçısı kimi aparıcı mövqeyə malik olacaq.

Təbii qazın Avropa bazarlarına çıxarılacağı Cənub qaz dəhlizinin əhəmiyyətinə toxunan səfir xüsusi qeyd edib ki, bu, sadəcə layihə deyil, konkret imkandır. O, iyunun sonunda Azərbaycan prezidenti İlham Əliyevin Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun dəvəti ilə Brüsselə səfər edəcəyini söyləyib: "Hesab edirəm ki, bu görüş Cənub qaz dəhlizi məsələsində irəliləyişə səbəb olacaq". (Səfər iyunun 21-də gerçəkləşəcək).

R. Kobianın sözlərinə görə, "Şahdəniz" konsorsiumu qərar qəbulu prosesindədir və 2019-cu ilin əvvəlinə Avropa ilk qazı alacağına ümid edir: "Avropa Birliyi Cənub qaz dəhlizinə çoxmərhələli layihə kimi baxır. Biz hesab edirik ki, bu boru kəməri Azərbaycandakı digər yataqlardan da qaz alacaq, eləcə də türkmən və İraq qazının cəlb edilməsi perspektivinə də malik olacaq. Bununla əlaqədar biz Transxəzər boru kəmərinin tikintisi üçün Azərbaycan və Türkmənistanla danışıqları davam etdirəcəyik. Ümid edirik ki, bu sahədə razılığa nail olacağıq".//apa//

AzNews.az