Ermənipərəst tarixçi tutarlı cavabla susduruldu

6 İyun 2013 15:19 (UTC+04:00)



Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, Litvadakı Azərbaycan diasporu ermənilərin və ermənipərəst qüvvələrin yalan təbliğatının qarşısını almaq və Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlərin yayılması istiqamətində aparılan işləri gücləndirilib. Ermənistanın işğal etdiyi Azərbaycan ərazisində yaratdığı oyuncaq "dövlət" qurumunun beynəlxalq səviyyədə tanınması ilə bağlı hər cür vasitəyə əl atması sirr deyil. Bu ilin martında ermənilərin qara fitnə-fəsadları siyahısına daha bir biabırçı fakt əlavə olunub. Belə ki, Litva Seymində 12 nəfər məsuliyyətsiz millət vəkili "Dağlıq Qarabağla parlament dostluq qrupunu" yaratdıqlarını bəyan ediblər.

Bu fakt Litvadakı Azərbaycan diasporu və Azərbaycanın bu ölkədəki dostlarının etirazlarına səbəb olub. Litva parlament üzvlərinin bu cür dağıdıcı fəaliyyətini tamamilə zərərsizləşdirmək və üzdəniraq "dostluq qrupunun" ləğv edilməsi məqsədilə Litva Azərbaycanlıları Cəmiyyəti və "Litva - Azərbaycan" Assosiasiyası tərəfindən birgə tədbirlər görülməyə başlanıb. Bu tədbirlər çərçivəsində müvafiq qurumlara və təşkilatlara müraciətlər edilməsi, etiraz məktublarının ünvanlanması və görüşlərin keçirilməsi ilə yanaşı, yerli kütləvi informasiya vasitələrində müxtəlif dillərdə bəyanatlar yayımlanıb, müsahibə və məqalələr dərc etdirilib.
Litva Azərbaycanlıları Cəmiyyətinin təşəbbüsü və dəstəyi ilə çap olunmuş yazılardan tarixçi və ictimai xadim, "Litva - Azərbaycan" Assosiasiyasının prezidenti İmantas Melyanasın "Tarixçinin elmi səviyyəsi və siyasətçinin vicdan saflığı haqqında fikirlər" adlı məqaləsini xüsusilə vurğulamaq olar. Litvanın www.balsas.lt xəbərlər portalında litvaca yer almış bu yazıda ermənipərəst Litva tarixçisi və siyasət adamı Algis Kaşetanın "1988-1991-ci illərdə Litva və Ermənistan, eləcə də Dağlıq Qarabağ milli azadlıq hərəkatlarının bir-birinə oxşarlığı" mövzusunda bu ilin mart ayında Litvanın www.delfi.lt internet qəzetində dərc etdirdiyi analitik məqaləyə cavab olaraq hazırlanıb.

Tarixçi İmantas Melyanasın sözügedən məqaləsində təqdim olunan tarixi faktlar və paralellər, ictimai-siyasi tutuşdurmalar, analitik ümumiləşdirmələr və məntiqi nəticələr litvalı siyasətçilər və elm adamlarının böyük qismi tərəfindən çox müsbət qarşılanıb, həmçinin geniş ictimaiyyət dairələrində yaxşı dəyərləndirilib. Yazı ilə bağlı Litva mətbuatında dərc olunmuş şərhlərdə İ.Melyanasın intellektual səviyyəsi, geniş dünyagörüşü və vətəndaş cəsarəti yüksək qiymətləndirilib. Bu məqalə litvalı ermənipərəst tarixçi A.Kaşetaya və Seymdə fəaliyyət göstərən "Dağlıq Qarabağla parlament dostluq qrupu" üzvlərinə tutarlı cavab olaraq nəticə etibarilə onları susdurub.

AzNews.az