Güneydəki həbslər Quzeydə müzakirə edildi

6 İyun 2013 19:05 (UTC+04:00)
İyunun 6-da "Bütöv Azərbaycan Ocaqları"nın (BAO) təşəbbüsü ilə ""Güney Azərbaycanda siyasi məhbuslar və İranda prezident seçkiləri" mövzusunda dəyirmi masa keçirilib.


BAO-nin başqanı Zahir Əlisoy bildirib ki, son günlərdə 7 milli fəal həbs olunub və ümumilikdə həmin fəallara 61 il həbs cəzası verilib. Hazırda 25 Güney Azərbaycanlı məhz milli haqların təmini uğrunda mücadilə etdiyinə görə həbsdədir.

Daha sonra BAO-nun təmsilçisi Hakim Sadiqli çıxış edərək qeyd edib ki, həbs olunan soydaşlarımızdan Yeni GAMOH təşkilatının sədrinin və üzvlərinin 5-nin hər birinə 9 il həbs cəzası verilib, yaxın 10 gündə onların apellyasiya şikayətinə baxılacaq.

O, hazırda həbsdə olan Səid Mətinpur,Oqtay Vəlizadə,(Abbas),Lətif Həsənli,Yürüş Mehrəlibəyli,Mahmud Fəzli,Şəhram Radmehr,Behbud Quluzadənin həbslərinin motivi barəsində ətraflı məlumat verib.

Orta Doğu araşdırma mərkəzinin rəhbəri Sədrəddin Soltan İrandakı seçkilər daha çox oyun xarakteri daşıdığını qeyd edib: "Çünki ölkədə prezident daha çox icra aparatının rəhbəridir. Ölkəni ali rəhbər idarə edir. Ona görə də yeni seçiləcək prezidentin türk və ya fars olması böyük önəm daşımır. Oradakı məsələlər o zaman öz həllini tapar ki, ölkənun konustutsiyası dəyişdirilsin və hüquqi islahatlar aparılsın".

Tədbirdə çıxış edən professor Almaz Əliqızı yerli media qurumları, xüsusən TV-ləri bu məsələyə daha diqqətli yanaşmağa çağırıb.
Azərbaycan Avropa Hərəkatı Ramin Hacılı ölkədəki siyasi partiyaların Güney Azərbaycan məsələsinə laqeyd yanaşdıqlarını bildirib. Onun sözlərinə görə, beynəlxalq təşkilatlardan böyük dəstək gözləmək indiki halda sadəlövlikdir: "Biz əvvəl özümüz güclü olmalıyıq. Sovet təfəkküründən azad olmaq lazımdır, artıq Kreml yoxdur və biz hansısa mərkəzdən dəstək gözləməməliyik. Gücə çevrilsək o zaman bütün qurumlar Güney Azərbaycan məsələsi ilə ciddi maraqlanmağa başlayacaqlar."

Ramin Hacılı təklif edib ki, növbəti bir ay "Güney Azərbaycan ayı" elan edilsin.

Yurd internet televiziyasının saytından canlı yayımlanan tədbirdə BAO-nun müraciəti qəbul olunub . Müraciətdə İran adlanan dövlətdə hakimiyyətdə olan fars şovinistləri tərəfindən Güney Azərbaycan türklərinin milli haqlarının kobud şəkildə pozulduğu qeyd olunmaqla dünya ictimaiyyəti və beynəlxalq təşkilatlar şovinist fars diktaturasına təzyiq göstərməyə və bu dövlətdə milli haqların təmin olunmasına dəstək verməyə çağırılır.

Elnarə
AzNews.az