“Rüstəm İbrahimbəyovun özünü də oyuna salıblar” – Müsahibə

9 İyun 2013 22:11 (UTC+04:00)

"Biz öz əqidəmizə hər zaman sadiq qalmağımızla fəxr edirik"


Son aylar ölkənin ictimai-siyasi həyatında baş verən hadisələrlə bağlı Milli Məclisin üzvü Adil Əliyevin "Qafqazinfo"ya müsahibəsini təqdim edirik:

- Bildiyimiz kimi Avropa Olimpiya Komitəsi 2015-ci ildə birinci Avropa Olimpiya Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərar qəbul edib. Və bununla bağlı ölkədə ciddi hazırlıqlar davam edir. Bu oyunların ölkəmizdə keçirilməsi ilə bağlı məsələyə sizin münasibətiniz necədir?
- Bu məsələyə ölkə prezidenti, cənab İlham Əliyev həmin qərar Avropa Olimpiya Komitəsi tərəfindən qəbul edildikdən sonra münasibətini açıqlayıb. Dövlət başçısının bildirdiyi kimi bu xəbər cəmiyyətdə böyük sevinc hissi ilə qarşılanıb. Bu qərarın qəbul edilməsində şübhəsiz ki, idmançılarımızın uğurları da öz rolunu oynayıb. Mən əminəm ki, cəmi iki ildən sonra Azərbaycanın ev sahibliyi edəcəyi bu tarixi Olimpiya oyunları yüksək səviyyədə keçiriləcək. Demək olar ki, bütün Avropanın idman həyatına böyük bir tarixi gün kimi düşəcək. Azərbaycanın nüfuzu baxımından mühüm əhəmiyyətə malik olan bu oyunların keçirilməsi, həm də ölkəmizin tanıdılmasına xidmət edəcək. Yəni hər şey qabaqdadır və əminəm ki, ölkəmiz 2015-ci ilədək bütün hazırlıqları başa çatdıracaq. Çünki ölkədə idmanın kütləviliyi təmin edilir və Azərbaycanda Olimpiya hərəkatı çox yüksək səviyyədədir.

- Adil müəllim, yaşadığımız 2013-cü il Azərbaycanın ictimai-siyasi həyatında mühüm əhəmiyyət kəsb edir: bu il ölkədə prezident seçkiləri keçiriləcək. İki gün öncə YAP-ın 5-ci qurultayında İlham Əliyevin prezidentliyə namizədliyi irəli sürülüb. Milli Məclisin bitərəf deputatı kimi sizin də məsələyə münasibətiniz maraqlıdır...
- Əlbəttə ki, Qurultayda cənab İlham Əliyevin namizədliyinin irəli sürülməsi böyük hadisə idi. Bu, təkcə Yeni Azərbaycan Partiyasının deyil, Azərbaycanın uğuruna sevinən, bu ölkənin inkişafını görmək istəyən bütün insanların çoxdan gözlədiyi bir qərar idi. Bu həm də o baxımdan önəmli idi ki, artıq bir neçə aydır ki, Azərbaycanda bu il keçiriləcək prezident seçkiləri ilə bağlı böyük diskussiyalar, müzakirələr gedir. Kimlərsə indiyə kimi müxtəlif fikirlər, rəylər irəli sürürdü. Hansısa düşüncələrə, xəyallara qapılırdı, namizəd axtarışlarına çıxırdı. Məhz iki gün əvvəlki hadisə bu artıq meyllərin qarşısının alınması baxımından da önəmlidir. Biz bir şeyi başa düşməliyik ki, İlham Əliyev kimi lideri olan cəmiyyət özünə başqa yerdə, başqa ölkədə namizəd axtarmamalıdır. Bu axtarışları həyata keçirən adamların öz yaxınları, ailə üzvləri belə İlham Əliyevi dəstəkləyirsə, burada başqa şeylər düşünmək gülüncüdür. Gəlin ölkədə sadə bir sorğu keçirək və nəticələrə baxaq. Sizə maraqlı bir məqamı deyim ki, hətta Azərbaycanda səsvermə hüququ olmayan adamlar belə cənab prezidenti dəstəkləyir.
Demokratik dəyərlər baxımından başqa namizədlərin irəli sürülməsi, kimlərinsə prezident postu uğrunda mübarizəyə qoşulması təbidir. Lakin bu gün Azərbaycanda yaranan bəzi birliklər, şuralar, təşkilatlar haqqında bir neçə kəlmə danışmaq istəyirəm.
Təsəvvür edin ki, YAP-ın Qurultayı keçirilən zaman paralel olaraq Milli Şuranın da yaradılması, öz namizədini elan edəcəyi gözlənilirdi. Biz nə gördük? YAP Qurultayını keçirdi və konkret olaraq öz seçimini bəyan etdi. Lakin Milli Şuranın artıq neçə həftələrdir ki, apardığı müzakirələrin hələ də konkret nəticəsi yoxdur. Bu təşkilatın hələ məqsəd və məramı bəlli deyil. Hələ bu adamlar bəyannamədə belə razılaşa bilmirlər. O ki, qaldı vahid namizədlə çıxış etməkdə. Hələ mən inanmıram ki, bunlar Rüstəm İbrahimbəyovu sona qədər müdafiə edəcəklər. Və bir-birlərinə səmimidirlər. Hələ onlar öz aralarında mübarizə aparmaqdadırlar. Burada digər önəmli bir məqam da var. Onların təsis bəyannaməsində mübahisələrə səbəb olan "Avropaya interasiya" məsələsinin qeyd edildiyi abzas bir çox gizli mətləbləri tam şəkildə ortaya qoyur. Belə ki, onların lideri Rüstəm İbrahimbəyovun sözü gedən sənəddə Avropaya inteqrasiyanı etik saymaması küləyin Şimaldan əsdiyini dəqiq göstərir.

- Siz yəqin ki, Milli Şura ilə "Milyarderlər İttifaqi"nın əlaqələrini nəzərdə tutursunuz?
- Təbii bir ölkə vətəndaşı və millət vəkili olaraq hadisələri izləyirəm. Əvvəla onu qeyd edim ki, seçkiöncəsi belə hallar çox qalacaq. Bütün ölkələrin seçkiöncəsi həyatında canlanma və s. hadisələr baş verir. Bu normal haldır və buna təbii baxmaq lazımdır.
Rüstəm İbrahimbəyov dünya şöhrətli rejissordur. Bunu heç kim danmır və inkar etmir. Amma o siyasətdə təcrübəsizdir. Sadəcə olaraq, onun özünü də oyuna salıblar, onların maraqlarına oynamaqdadır. Yaxşı olardı ki, öz yaradıcılıq işlərini davam etdirərdi. Belə insanlar siyasətlə məşğul olan zaman, çox pis uğursuzluğa düçar olurlar.
O yəqin özü yaxşı bilir ki, Milli Şura və başqa yaranacaq qondarma qurumlar, ölkə prezidenti cənab İlham Əliyevin nüfuzu və uğurları qarşısında fiaskoya uğramağa məhkumdurlar. Milli Şuranı indidən ölü doğulmuş körpəyə bənzədərdim. Son 20 illik müxalifətin tarixini analiz edərsək, qısa olaraq onu deməliyik ki, uğursuzluq sindromu müxalifətin taleyinə yazılıb.
Çünki, Şurada təmsil olunan bu insanlar necə illədir ki, müxalifətdə heç bir uğura imza ata bilməyiblər. Bəziləri şəxsi inciklərinə görə bu proseslərə, bəziləri də Azərbaycanı istəməyən qüvvələrin maraqlarına görə bu işə qoşulublar. Belə insanların siyasətdə uğur qazanmaları qeyri-mümkündür.
Bu qüvvələr bir şeyi dərk etməlidir ki, ölkə əhalisinin böyük əksəriyyəti cənab prezidentin ətrafında birləşib və onu dəstəkləyir. Hal-hazırda bu dəstək yüksələn xətlə davam etməkdədir.
Məsələ burasındadır ki, nə dünya şöhrətli Rüstəm İbrahimbəyovun, nə də "Milyarderlər İttifaqı"nın üzvü olan, adları tez-tez dünyanın ən varlı biznesmenləri siyahısına düşən adamların heç birinin Azərbaycanda böyük kütlə qarşısına çıxmağa mənəvi haqları yoxdur. Liderlik bir gündə qazanılan keyfiyyət deyil. Onların heç biri Azərbaycanda nə tikdirdiyi, məktəb, nə bağça, nə xəstəxana, qaçqın və məcburi köçkünlərə dəstək, nə də Azərbaycanın beynəlxalq nüfuzunu artıran heç bir aksiyanın iştirakçısı olmayıblar. Biz onların adlarını hər yerdə eşitmişik, təkcə ölkə naminə görülən işlərdən başqa. Məhz bu amili nəzərə alsaq, həmin şəxslərdən heç biri Azərbaycanda lider kimi insanların qarşısına çıxa bilməz. Onlar vaxtlarını səmərəli keçirməlidirlər. Ailələrinə və dərin məhəbbətlə bağlı olduqları bizneslərinə vaxt ayırsalar, daha yaxşı olar.

- Müxalif qüvvələr belə iddia edirlər ki, onlar bu il siyasi hakimiyyətə gələcəklər. Xalq onlara inanmalıdırlar və s. Sizcə, xalq bu qüvvələrin arxasında gedəcəkmi?
- İstər Milli Şura olsun, istərsə də başqa yeni yaranacaq qurumlara ən gözəl cavabı xalqımız verib və bundan sonra da verəcək. Tələsmək lazım deyil və qarşıdan gələn seçkilərdə xalqımız öz sözünü bir daha deyəcək. Bir məsələni qeyd edim ki, onların bütövlükdə sosial bazası bir rayonun kiçik qəsəbəsinin yarısı qədər deyil. Bütövlükdə müxalifət partiyalarının keçirdiyi mitinqlərə baxarsaq, iki-üç mindən artıq insan çıxmır. Bu qüvvə ilə siyasi hakimiyyətə gəlmək və "xalq bizi dəstəkləyir" fonu yaratmaq, özlərini aldatmaq kimi bir şeydir. Necə ki, neçə illədir ki, öz ətraflarını yalançı vədlər verməklə aldadırlar. Bu ildə eyni şey yaşanacaq.

- Azərbaycanın siyasi-ictimai tarixində Milli Şuralar olub. Bu qüvvələr belə fikir formalaşdırırlar ki, bu gün də yaranan Milli Şura bunun davamıdır.
- 1918-ci ildə yaranan Milli Şura qısa zaman kəsiyində milli dövlətçiliyimizin bərpası yönündə bir çox addımlar atıb və Azərbaycan Xalq Cümhuriyyətinin tanınması üçün uğurlu danışıqlar aparıb. Şura Azərbaycan Xalq Cümhuriyyətinin güclənməsi üçün qarşıya qoyulan şərtləri müvəffəqiyyətlə yerinə yetirib. Sonradan obyektiv və subyektiv səbəblərdən Milli Şura buraxılsa da, şanlı tariximizdə öz layiqli yerini tutub. Bu haqda tarixçilərimiz bır sıra məqalə və kitablar yazıblar.
Hazırda bu gün yaranan qondarma Şura ilə tariximizdə iz buraxmış Milli Şuranı müqayisə etmək, böyük ədalətsizlik və yanlışlıq olardı. Bu qüvvələr xarici güclərdən dəstək alaraq, bu birliyi yaradıblar. AntiAzərbaycan təbliğatı aparırlar.

Məqsədləri isə Azərbaycan asılı dövlət halına gətirmək və ölkənin uğurlarının qarşısını almaqdır. Burada təmsil olunan üzvlərin siyasi mövqelərinə nəzər salsaq, dediyimiz məsələlər öz əksini tapır. Onların elan etdiyi siyahıya baxsaq, kimlərə arxayın olduqlarını, kimləri siyahıya saldıqlarını görsək, sadəcə adamlarda gülüş yaranar. Bu siyahıdakı adamlarla hökumət qurmaq gülüncdür. Onların əksəriyyətini heç öz evlərində, qonşularında qəbul etmirlər. Amma, xalqımız hər zaman belə vəziyyətlərdə düzgün və ağıllı seçim edir. Cəmi bir neçə aydan sonra da biz hər şeyin gerçək şahidi olacağıq.

- Sizin və qardaşınız Məhərrəm Əliyevin də adı tez-tez müxtəlif qruplaşmalarda hallanır. Bu barədə nə deyə bilərsiniz?
- Biz Əliyevçi olduğumuzu dəfələrlə sübut etmişik. Bu, aksiyomadır, isbata ehtiyacı yoxdur. Müxtəlif adamlar tərəfindən sifarişlə ortaya atılan bu cür ideyalara həmin adamların heç özləri də inanmırlar. Bu baxımdan belə qeyri-ciddi xəbərlər həmişə olduğu kimi fiaskoya uğrayıb. Biz cənab prezidentin siyasətini hər zaman dəstəkləmişik, heç vaxt da bu yoldan dönmək fikrimiz yoxdur. Əqidə mənlikdir, insanın varlığıdır, biz öz əqidəmizi hər zaman qoruyub saxlamağımızla fəxr etmişik. Dönüklərlə bizim işimiz yoxdur.