Arxeoloji düşərgələr təşkil ediləcək - Azərbaycanda

10 İyun 2013 15:11 (UTC+04:00)
Bu il Azərbaycanda tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələr təşkil ediləcək.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən 2012-ci ildən etibarən ali təhsil müəssisələri tələbələrinin iştirakı ilə respublikanın müxtəlif regionlarında arxeoloji düşərgələr təşkil edilir.

Düşərgələrin təşkilində əsas məqsəd gəncləri vətənpərvərlik ruhunda tərbiyə etmək, onlara Azərbaycan tarixi haqqında əyani olaraq geniş məlumat verməkdir.

Bununla əlaqədar olaraq nazirlik Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Arxeologiya və Etnoqrafiya İnstitutu və Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı ilə birgə cari ilin 13 iyun - 20 iyun tarixlərində ali təhsil müəssisələrinin tələbələri üçün Qəbələ rayonunda növbəti arxeoloji düşərgə təşkil edəcək.

Düşərgədə 15-ə yaxın ali təhsil müəssisəsindən 80 nəfər gənc iştirak edəcək.

Sonda iştirakçılara Gənclər və İdman Nazirliyinin sertifikatları veriləcək.

AzNews.az