Azərbaycan konsulunun adı cinayət işində

11 İyun 2013 09:20 (UTC+04:00)


Azərbaycanın Rusiyanın Yekaterinburq vilayətindəki konsulunun adı şok cinayət qalmaqalında hallanır. Yerli mətbuatın yazdığına görə, konsul Mahmud Əhmədov məmurlarla anlaşaraq qızının Boris Yeltsin adına Yekaterinburq Federal Universitetinin dövlət hesabına maliyyələşən bölməsinə qəbul edilməsinə nail olub. Bu barədə ilk dəfə yerli pravdaufo.ru portalı yazıb. Bildirilir ki, imtahanın nəticələrinin saxtalaşdırılmasında yerli təhsil, səhiyyə məmurları, o cümlədən universitetin rəhbərliyi qarışıb. Artıq imtahanın nəticələrinin araşdırılması üçün regional daxili işlər və xüsusi xidmət orqanlarına müraciət edilib, faktla bağlı cinayət işi qaldırılıb.

Sayt yazıb ki, konsulun Səlminaz adlı qızı Yekaterinburqda 108 nömrəli gimnaziyada təhsil alıb. Müəlliflərin iddiasına görə, gimnaziyanın direktoru Natalya Şubina qızın riyaziyyat və rus dili fənləri üzrə buraxılış imtahanlarının nəticələrini saxtalaşdırıb. Bunun əvəzində konsulun ailəsi N.Şubinanın və Yekaterinburq təhsil şöbəsinin rəisi Yevgeniya Umnikovanın ötən ilin avqustunda Bakıda dincəlməsini təmin edib.

Saytın yazdığına görə, gimnaziyanı "müvəffəqiyyətlə" bitirən qız Yekaterinburq Dağ-Mədən İnstitutunda vahid dövlət imtahanı verib. O, imtahana saat yarım gecikib, sonra heç nə yazmadan oturub. Gimnaziyadan buraxılış imtahanlarının yekunlaşmasından sonra konsul M.Əhmədov universitetin elmi işlər üzrə prorektoru Niyaz Vəliyevlə və prorektorun köməkçisi Vyaçeslav Yakovlevlə imtahanın nəticələrinin dəyişdirilməsi üçün anlaşıb. İmtahan bitəndən sonra Yakovlev universitetin əməkdaşı ilə birlikdə konsulun qızının test tapşırıqlarını bufetdə qızın özünə və atasına verib. Onlar birlikdə qızın test tapşırıqlarının cavablarını yazıblar. Nəticədə S.Əhmədova 56 balla Yeltsin adına Yekaterinburq Federal Universitetinə daxil olub. Sverdlovsk şəhər Daxili İşlər İdarəsindən deyiblər ki, bu qalmaqal araşdırılır. Bildirilir ki, qalmaqalda adı keçən yerli məmurlar dindirilib və onlar konsulun qızının saxta yolla universitetə qəbul edilməsinə kömək etdiklərini boyunlarına alıblar.

Yekaterinburqdakı Azərbaycan konsulluğu isə iddiaları rədd edir. Konsulluqdan bildiriblər ki, M.Əhmədovun qızı yaxşı oxuyurdu və imtahanlara ciddi hazırlaşırdı. "Kimsə şikayət yazıb ki, guya o, universitetə saxta yolla qəbul edilib. Təbii ki, bizim baş konsul bu barədə Mahmud Əhmədovla danışıb. Belə şeylərə görə qızın psixikası pozula bilər" deyə, Azərbaycanın Yekaterinburqdakı konsulu İlqar İsgəndərov bildirib. M.Əhmədov özü də iddiaları əsassız adlandırır və bildirir ki, bunu məhkəmədə sübuta yetirəcək. "Mənim uşaqlarım rus və ingilis dillərini gözəl bilir. O biri fənlərdən isə son il yarımda repititor yanına gediblər. Mən bilmirəm ki, KİV-lərdə bu uydurma məlumatlar haradandır. Biz araşdırmaların nəticəsini gözləyirik, onu əldə edən kimi məhkəməyə müraciət edəcəyik. Qızım iki gündür ağlayır, o rus dilindən 86 bal toplayıb. Yaşadığımız digər ölkələrdə o, rus məktəbinə gedib",- deyə, M.Əhmədov bildirir.

Lakin qalmaqalda adı keçən prorektor müavini Vyaçeslav Yakovlev yoxa çıxıb. Bildirilir ki, o, iyunun 8-də, məqalənin yayılmasından bir gün sonra şəhərə gəzintiyə çıxıb və bir daha geri qayıtmayıb. Yaxınları onun axtarılması üçün polisə müraciət edib. Prorektor müavininin yoxa çıxması Azərbaycan konsulunun adı qarışan qalmaqalı daha da böyüdüb. Qeyd edək ki, konsul M.Əhmədov ötən il diplomatik nömrə nişanlı avtomobillə yol hərəkət qaydalarını pozarkən yerli bloggerlə mübahisə etmişdi və onun videosunu çəkib internetdə yerləşdirmişdilər. (musavat.com)

AzNews.az