Fikrət Məmmədov Göyçayda vətəndaşları qəbul etdi

11 İyun 2013 14:45 (UTC+04:00)
Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədov Göyçay şəhərində Ağdaş, Ağsu, Zərdab, Göyçay, İsmayıllı, Kürdəmir, Ucar, Şamaxı, Bərdə, Ağcabədi, Ağdam və digər rayonlarda yaşayan vətəndaşların, habelə Xankəndi və Laçın rayonlarından olan məcburi köçkünlərin qəbulunu keçirib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, qəbul zamanı nazir ədliyyə orqanlarının, o cümlədən notariat, qeydiyyat və icra qurumlarının, habelə məhkəmələrin fəaliyyəti ilə bağlı hər bir vətəndaşın müraciətini, o cümlədən ərizə, şikayət və təkliflərini diqqətlə nəzərdən keçirərək, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həll edilməsi üçün dərhal qəbulda iştirak edən nazirliyin aidiyyəti məsul işçilərinə tapşırıqlar verib.

Qəbul zamanı bölgə vətəndaşlarını narahat edən məsələlərin bir qismi elə yerindəcə öz həllini tapıb, digər müraciətlər isə hərtərəfli araşdırılaraq konkret tədbirlərin görüləcəyi bildirilib.

Eyni zamanda ədliyyə və məhkəmə fəaliyyətinə aid olmayan digər məsələlərlə bağlı müraciətlərə baxılıb, onların araşdırılması üçün aidiyyəti üzrə göndərilməsi təmin olunub.

AzNews.az