Azərbaycanda cərimələrin tətbiqinə başlanılır

12 İyun 2013 18:30 (UTC+04:00)
Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" 2013-cü il 31 may tarixli qanunun tətbiqi barədə fərman imzalayıb.


Nazirlər Kabinetinə tapşırılıb ki, üç ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1-ci və 126.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxan müvafiq icra hakimiyyəti orqanları barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilsin ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 126.1.4-cü və 126.1.11-ci maddələrində "müvafiq icra hakimiyyəti orqanı" dedikdə Azərbaycan Respublikasının Nazirlər Kabineti nəzərdə tutulur.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların "Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişikliklər edilməsi haqqında"

Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin etməli və bu barədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verməlidir.

Qanunun 126-cı maddəsi aşağıdakı redaksiyada verilsin:

"Maddə 126. Ev heyvanlarının saxlanılması qaydalarının pozulması
126.1. İt, pişik və digər ev heyvanlarının saxlanılması qaydalarının pozulmasına, yəni:

126.1.1. ev heyvanlarının qadağan edilmiş yerlərdə saxlanılmasına, qidalandırılmasına, gəzdirilməsinə və ya yetişdirilməsinə;

126.1.2. ev heyvanlarının satılması, bağışlanması və nəqliyyat vasitələri ilə aparılması şərtlərinin pozulmasına;

126.1.3. baytarlıq xidməti orqanı ilə razılaşdırılmadan ev heyvanlarının yarışlarının keçirilməsinə;
126.1.4. it və pişiklərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi saydan artıq saxlanılmasına;

126.1.5. ev heyvanının baytarlıq uçotuna alınmadan saxlanılmasına;

126.1.6. itlərin cilovsuz, iri itlərin isə həmçinin buruntaqsız ümumi məhəllələrdə və ya küçələrdə gəzdirilməsinə;

126.1.7. sərxoş vəziyyətdə (alkoqollu içkilərdən, narkotik vasitələrdən və ya digər güclü təsir edən maddələrdən istifadə etməklə) olan şəxs tərəfindən ev heyvanlarının gəzdirilməsinə;

126.1.8. ev heyvanlarının insanların üzərinə saldırılmasına;

126.1.9. yarış vaxtı və ya heyvanın sağlamlığı və rifahı üçün təhlükə yarada bilən digər hallarda ev heyvanlarının təbii imkanlarının artırılması, yaxud azaldılması məqsədi ilə onlara preparatların verilməsinə, tibbi və texniki üsulların tətbiq edilməsinə;

126.1.10. qanunla müəyyən edilmiş hallar istisna olmaqla, ev heyvanlarının xarici görkəmini dəyişdirmək və ya digər qeyri‑müalicəvi məqsədlə cərrahi əməliyyatların (qulaqlarının kəsilməsi, devokalizasiya, dırnaq və dişlərin çıxarılması) aparılmasına;

126.1.11. ev heyvanını saxlayan və ya ona baxan şəxs tərəfindən ev heyvanlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada nəzərdə tutulmuş qayğıların göstərilməməsinə görə -
- iki yüz manat miqdarında cərimə edilir.

126.2. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş xətaların il ərzində həmin maddə üzrə inzibati tənbeh almış şəxs tərəfindən təkrar törədilməsinə görə -
- üç yüz manat miqdarında cərimə edilir.

126.3. Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkən şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkən şəxsə maddi zərər vurulmasına görə -
- min manat miqdarında cərimə edilir.

Qeyd. Bu Məcəllənin 126.3-cü maddəsi, həmin maddədə göstərilən əməllər Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq edilir.";


AzNews.az