Şeyx yeni təyin olunmuş səfirlə görüşdü

14 İyun 2013 15:43 (UTC+04:00)
Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycana yeni təyin olunmuş səfiri Musəid ibn İbrahim əs-Süleymi qəbul edib.

QMİ-dən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanla Səudiyyə Ərəbistanı Krallığı arasında əlaqələrin qədim tarixə malik olduğunu deyən QMİ sədri ölkəmiz müstəqillik qazandıqdan sonra münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini bildirib.

Şeyxülislam İslamın müqəddəs məkanlarına ziyarətlər zamanı azərbaycanlı zəvvarlara yaradılan şəraitə görə krallığın rəhbərliyinə minnətdarlığını çatdırmağı səfirdən xahiş edib. Musəid ibn İbrahim əs-Süleym İslam ölkəsi olan Azərbaycanda çalışmaqdan qürur duyduğunu diqqətə çatdırıb, iki dövlət arasında münasibətlərin daha da inkişaf etməsi üçün səfir kimi əlindən gələni əsirgəməyəcəyini bildirib.

Azərbaycanın İslam aləmindəki mühüm mövqeyindən danışan səfir Şeyxülislam Allahşükür Paşazadənin dünyada nüfuzlu dini lider kimi tanındığını qeyd edib, İslamın təbliği və tərəqqisində göstərdiyi xidmətlərinə görə Şeyxə minnətdarlığını bildirib.

Sonda səfirə xatirə hədiyyəsi təqdim olunub.

AzNews.az