Sabirabadda ağır yol qəzası qeydə alındı

17 İyun 2013 09:25 (UTC+04:00)
Sabirabad rayonunda ağır yol qəzası olub.

Sabirabad Rayon Polis Şöbəsindən APA-nin Mil-Muğan bürosuna verilən məlumata görə, qəza ötən gecə Həşimxanlı-Qaragüney avtomobil yolunun 4-cü kilometrliyində, rayonun Şıxsalahlı kəndi ərazisində baş verib.

Həşimxanlı kənd sakini Vüqar Əliyevin idarə etdiyi "QAZ-3110" markalı avtomaşınla Şirvan şəhəri istiqamətində hərəkətdə olan Şıxsalahlı kənd sakini, 1991-ci il təvəllüdlü Abdullayev Mirpaşa Qafur oğlunun idarə etdiyi "Mercedes" markalı mikroavtobus toqquşub.

Qəza nəticəsində mikroavtobus aşıb.

Nəticədə sərnişinlər - Sabirabad rayonunun Həşimxanlı kənd sakinləri, 1993-cü il təvəllüdlü Bilalova Aysel Bilal qızı, 1983-cü il təvəllüdlü Əliyeva Kamilə Tofiq qızı və sürücü 1981-ci il təvəllüdlü Əliyev Vüqar Bahadır oğlu müxtəlif bədən xəsarətləri ilə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdiriliblər. Həkimlər yaralıların vəziyyətinin orta ağır olduğunu bildirirlər. Bir nəfər isə ambulator yardım alaraq evə buraxılıb.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

AzNews.az