Həbsxanalarda iş yerləri açılıb

18 İyun 2013 10:11 (UTC+04:00)
Penitensiar Xidmətin tabeçiliyində olan Cəzaçəkmə Müəssisələrində yeni iş yerləri açılıb.


AzNews.az-ın qurumun informasiya şöbəsinə istinadən məlumatına görə, məhkumların ictimai faydalı əməyə cəlb olunmaları ilə bağlı həyata keçirilən tədbirlər sayəsində əvvəlki illə müqayisədə son bir il ərzində daha 1000 nəfər məhkum işlə təmin olunub.

Bununla belə, daha geniş məhkum kütləsinin əməyə cəlb olunmasının zəruriliyi nəzərə alınaraq, yeni iş yerlərinin təşkili istiqamətində tədbirlər görülür.

Bu sahədə həyata keçirilən son tədbir 7 saylı cəzaçəkmə müəssisəsində daha 5 nəfər məhkumun işlə təmin olunmasına şərait yaratmış istixana təşkil edilib. Belə ki, müəssisənin istehsalat sahəsində istifadəsiz olan 250 kv. metr sahədə istehsalatdan əldə edilmiş əlavə gəlir hesabına tərəvəz məhsullarının yetişdirilməsi məqsədilə bütün tələblərə cavab verən istixana təşkil edilib.

Məlumatda bildirilir ki, cəza çəkənlərin mövcud imkanlar hesabına haqqı ödənilən əməyə cəlb olunmaları istiqamətində tədbirlər davam etdirilir.

AzNews.az