Ekologiya və Təbii Sərvətlər Nazirliyindən əhaliyə xəbərdarlıq

18 İyun 2013 15:17 (UTC+04:00)
Ekologiya və Təbii Sərvətlər Nazirliyi isti havalar zamanı yanğın təhlükəsi ilə əlaqədar əhaliyə müraciət edib.


Nazirliyin Meşələrin İnkişafı Departamentinin əməkdaşı Siyasət Qarayev Lent.az-a açıqlamasında deyib ki, respublika ərazisində havaların isti keçdiyini və bununla əlaqədar olaraq yanğın təhlükəsinin daim mövcud olduğunu nəzərə alaraq nazirlik bu il də proflaktik tədbirlər həyata keçirir: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha fermerlərə, əhaliyə, icra strukturlarının rəhbərlərinə müraciət edir. Bizim üçün qorxulu olan hallar taxıl biçinindən sonra zəmilərin yandırılmasıdır. Bu, həm də fermerlərə ziyandır, torpağın humus qatı korlanır. Eyni zamanda meşələrdə yanğın təhlükəsi yaranır. Belə hallara yol verməsinlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyi vətəndaşları təbiətdə olarkən odla ehtiyatlı davranmağa, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, Azərbaycan xalqının milli sərvəti olan torpaqqoruyucu, susaxlayıcı xüsusiyyətlərə malik meşələrimizi qorumağa çağırır".

Nazirlik əməkdaşı deyib ki, yanğınların baş verməməsi üçün meşə mühafizəsi və bərpası müəssisələrində sutkalıq növbətçiliklər təşkil olunub: Yanğın baş verəcəyi ehtimalı olan ərazilərdə, yəni yaxınlığında fermer təsərrüfatı, taxıl sahələri olan meşələrin, yaşıllıqların ətrafında yanğın əleyhinə şumlanmış zolaqlar çəkilir. Eyni zamanda meşə mühafizəsi və bərpası müəssisələrində yanğınsöndürmə dəstələri təşkil olunub, yanğınsöndürmə avadanlıqları, müvafiq texnika ilə təmin edilirlər".

Siyasət Qarayev Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Fövqəladə Hallar Mərkəzinin də olduğunu bildirib: "Əgər hər hansı meşə mühafizəsi və bərpası müəssisəsinin ərazisində yanğın baş verirsə, onun operativ söndürülməsini təmin edirik. Buna görə də son illər meşə təsərrüfatına ciddi ziyan dəyməsinə yol verməmişik".

Qeyd edək ki, bu gün Bakı-Qazax magistralının Hacıqabul rayonunun Pirsaat kəndindən keçən hissəsində yanğın başlayıb. Magistralın hər iki tərəfində quru otlaq sahələrində başlayan yanğın ətrafda salınan yaşıllıq zonasına keçib, hektarlarla ərazi yanıb. Əraziyə yanğınsöndürən maşınlar cəlb olunub.

AzNews.az