İlhamə Quliyevanın yaydığı məlumat yalan çıxdı - Cavad Derəxti təkzib edir

19 İyun 2013 09:59 (UTC+04:00)


"Onu televiziyaya rəhbər kimi dəvət etməmişik"


Dünya Azərbaycanlıları Milli Birliyinin sədri, Cənubi Azərbaycandan olan soydaşımız, "Bütöv Azərbaycan" televiziya kanalının təsisçisi Cavad Derəxti İsveçdən İlhamə Quliyevaya zəng edərək onu sözügedən televiziyaya rəhbərliyə dəvət edib. Bu barədə məlumatı "Qafqazinfo"ya sənətkarın mətbuat katibi Faiq Ələkbərli verib: "Cavad Derəxti deyib ki, İlhamə xanım, biz sizi İsveçə dəvət edirik. Televiziya kanalının rəhbərliyini qəbul etsəniz şad olarıq. Xanım İlhamə Quliyevanın bu işə rəhbərlik etməsi çox vacibdir".

Cavad Derəxti söhbət əsnasında Azərbaycana səfər etmək, bununla bağlı İlhamə xanımla görüşmək istədiyini söyləyib.
Məsələ ilə bağlı AzNews.az əməkdaşına açıqlamasında Cavad Derəxti İlhamə xanıma zəng etdiyini, ancaq zəngin tamamilə başqa məqsəd daşıdığını bildirib: "Eşitdik ki, İlhamə xanımın nəvəsi dünyaya gəlib. Zəng edib təbrik etmək borcumuz idi. Çünki illərə dayanan dostluğumuz var. Söhbət əsnasında İsveçdə fəaliyyətə başlayan Bütöv Azərbaycan Televiziyası barədə də danışdıq. Ancaq İlhamə xanımla söhbət qətiyyən telekanala rəhbərliklə bağlı olmayıb. İlhamə Quliyevanı televiziyaya rəhbər kimi dəvət etməmişik".
Hazırda adıçəkilən kanala rəhbərlik etdiyini deyən Cavad Derəxti İlhamə Quliyevaya televiziyaya rəhbərlik yox, proqram hazırlamağı təklif etdiyini deyib:

"Nəinki İlhamə xanımla, bütün sənətkarlarla, media qurumları ilə, telekanallarla əməkdaşlığı arzulayırıq. Mən də İlhamə xanıma dedim ki, Bütöv Azərbaycan Televiziyası üçün Bakıdan proqram hazırlaya bilər. Çünki mən özüm bir dəfə İlhamə xanımın belə bir proqramının qonağı olmuşdum. Bizim belə proqramlara, verilişlərə, mədəniyyətimizin, musiqimizin təbliğinə ehtiyacımız var".

Hazırda telekanala özünün rəhbərlik etdiyini deyən C. Derəxti Bakıya səfər edəcəyini və bu səfərdə məqsədin telekanalla bağlı bır sıra görüşlər keçirmək olduğunu vurğulayıb: "Bəli, Bakıya gələcəyəm. Bütöv Azərbaycan Televiziyası ilə bağlı müzakirələr, görüşlər keçirmək niyyətindəyəm. İndiki halda bizim maliyyə imkanımız o qədər də çox deyil. Ona görə də bütün mətbuatın, telekanalların, jurnalistlərin, mədəniyyət xadimlərini köməyini arzu edirik. Material, proqram baxımından telekanalın fəaliyyətini tam olaraq qaydaya salmaq istəyirik. Bakıya səfərim də bununla bağlı olacaq. Çünki Güney Azərbaycanın problemlərini bütün dünyaya çatdırmaq istəyirik".

Xatırladaq ki, "Bütöv Azərbaycan" İsveçdə qeydiyyatdan keçib.

Elnarə Əlosmanqızı
AzNews.az